Əsas Səhifə > Güney Press > Dələduzluqda ittiham olunan FHN əməkdaşı məhkəmə zalından azadlığa buraxıldı

Dələduzluqda ittiham olunan FHN əməkdaşı məhkəmə zalından azadlığa buraxıldı


Bu gün, 11:50

Bakı Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən Tale Əhmədovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Telman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.


Qərara əsasən, apellyasiya şikayəti qismən təmin edilib, Sabunçu Rayon Məhkəməsinin hökmü dəyişdirilib. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib və Cinayət Məcəlləsinin 75.1.2-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətinin keçməsi ilə əlaqədar ona cəza təyin edilməyib. Tale Əhmədov barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilib və o, məhkəmə iclas zalında dərhal azad edilib.


Bakı Apellyasiya Məhkəməsində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətində komendant vəzifəsində çalışmış şəxsin dələduzluq cinayətləri ilə bağlı məhkum edilməsinə dair hökmdən verilmiş apellyasiya şikayətlərinə baxılıb.


İttihama görə, Tale Əhmədov Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin SOCAR-ın obyektləri üzrə Yanğından Mühafizə İdarəsinin yanğından mühafizə hissəsində komendant vəzifəsində işləyib. O, çalışdığı dövrdə qulluq mövqeyindən istifadə edərək müxtəlif vətəndaşların etibarını qazanıb. Tale Əhmədov özünü nazirlikdə nüfuzlu əlaqələri olan şəxs kimi təqdim edərək müxtəlif məsələləri həll edə biləcəyini bildirib və bu yolla zərərçəkmiş şəxslərin pulunu və əmlakını ələ keçirməkdə təqsirləndirilib.


Belə ki, o, tanışlarından birinə əlilliyə görə pensiya təyin etdirəcəyini vəd edib. Bu məqsədlə 2018-ci ilin noyabrından 2019-cu ilin may ayınadək müxtəlif vaxtlarda Bakı şəhərinin müxtəlif ünvanlarında keçirilən görüşlər zamanı zərərçəkmişdən hissə-hissə ümumilikdə 4 700 manat alıb. Lakin verilən vədə əməl etməyərək həmin vəsaiti mənimsəyib.


İttihamda göstərilir ki, Tale Əhmədov başqa bir zərərçəkmişə isə oğlunu Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin Suraxanı və ya Sabunçu rayon şöbələrindən birində işlə təmin etdirəcəyini bildirib. Bunun üçün avtomobilin satılaraq əldə edilən vəsaitin guya vəzifəli şəxslərə veriləcəyini deyib. Zərərçəkmişin əvvəllər ona etibar etdiyi baş etibarnamədən istifadə edən təqsirləndirilən şəxs 10 000 manat dəyərində "Nissan X-Trail" markalı avtomobili öz qohumunun istifadəsinə verməklə ələ keçirib. Nəticədə zərərçəkmişə xeyli miqdarda maddi ziyan vurulduğu qeyd olunub.


Cinayət işinin materiallarında daha bir epizod üzrə göstərilib ki, Tale Əhmədov Qarabağ müharibəsi iştirakçılarından birinə veteran vəsiqəsi aldıracağını vəd edib. Halbuki onun bu məsələnin həlli üçün heç bir səlahiyyəti olmayıb. Tale Əhmədov həmin şəxsdən 2019-cu ilin may və iyun aylarında iki dəfəyə ümumilikdə 1 000 manat alaraq vədinə əməl etməyib.


Beləliklə, istintaq orqanının qənaətinə görə, Tale Əhmədov qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək təkrar dələduzluq cinayətləri törədib və zərərçəkmişlərə xeyli miqdarda maddi ziyan vurub.


Sabunçu Rayon Məhkəməsinin hökmü ilə o, Cinayət Məcəlləsinin dələduzluğa dair müvafiq maddələri ilə təqsirli bilinərək 1 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdi. Hökmdən narazı qalan təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək cinayət təqibi müddətinin keçdiyini əsas gətirib, hökmün ləğv edilməsini və barəsində amnistiya aktının tətbiq olunmasını xahiş etmişdi.


Geri qayıt