Əsas Səhifə > Güney Press > "Radikal ideologiyanın təsirindən çıxmaq illər çəkə bilər"

"Radikal ideologiyanın təsirindən çıxmaq illər çəkə bilər"


Bu gün, 16:44

Ombudsmanın nümayəndələri Suriyadan gətirilmiş repatriantlarla görüşüb. Bu barədə qurumdan məlumat verilib. Məlum olduğu kimi, Azərbaycan hökuməti tərəfindən görülmüş mərhələli və koordinasiyalı tədbirlər nəticəsində cari ilin 18 və 19 iyul tarixlərində Suriya Ərəb Respublikasından 7-si qadın və 9-u uşaq olmaqla, ümumilikdə 16 nəfər Azərbaycan vətəndaşının ölkəmizə repatriasiyası həyata keçirilib. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) nümayəndələri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin müvafiq müəssisəsində yerləşdirilmiş həmin repatriantlarla görüş keçirib. Görüşdə repatriantlarla söhbət aparılıb, onların hüquqlarının təmini vəziyyəti və ehtiyacları öyrənilib, qadın və uşaqlar hüquq və azadlıqlarının müdafiəsi, eləcə də Ombudsmanın mandatı barədə ətraflı məlumatlandırılıb.

Azərbaycan vətəndaşlarının ölkəyə qaytarılması, Sosial Xidmətlər Agentliyinin müəssisəsinə yerləşdirilməsi, qayğıyla əhatə olunmaları, reabilitasiya proqramlarına cəlb edilmələri, əlbəttə, müsbətdir. Lakin bu insanlar illərlə, sonsuzadək dövlət sığınacağında qalacaqmı? Onların işlə təminatı, öz yaşayışlarını, güzəranlarını qurmaq üçün imkanlar təqdim olunmalıdır. Bu insanlar daim dövlət müəssisəsində qala bilməz. Onların müstəqil həyatı olmalıdır. Bu məsələ necə həllini tapacaq?

“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova “Sherg.az"a açıqlamasında qeyd etdi ki, Suriyadan, eləcə də digər ölkələrdən, ümumiyyətlə, silahlı münaqişə bölgələrindən repatriasiya edilən insanlarla işləmək çox çətin, ağırdır. Onların sonrakı taleyi barədə də dəqiq fikir bildirmək, mülahizə yürütmək də çətindir:

- Müsbət haldır ki, Ombudsman Aparatında zaman-zaman ölkəmizə repatriasiya edilmiş şəxslərlə görüş keçirilir, onların sosial-psixoloji vəziyyətini qiymətləndirilir. Lakin bu şəxslər xüsusi həssas qrupa aid insanlardır. Onlar güclü şəkildə ideoloji təsirə məruz qalaraq öz ölkələrini tərk ediblər. Getdikləri ölkədəki mühit həmin ideoloji düşüncəni daha da gərginləşdirib, genişləndirib. Qeyd edilən qrupların əksəriyyəti radikal dini kəsimin təsirinin altında olmaqla, eyni zamanda onların ideologiyasını mənimsəyərək öz həyat tərzinə çevirib. Digər qruplara göstərilən xidmət paketi bu qruplar üçün kifayət deyil. Onlar üçün uzunmüddətli və fərdi reabilitasiya proqramlarının tətbiqinə ehtiyac var. Əlbəttə ki, hədəf qrupunun reinteqrasiyası önəmlidir. Lakin bu qruplarla bağlı məsələ fərqlidir. Şəxslərin həyatı ilə bağlı risklərin qiymətləndirilməsi qaydası var. Məsələn, məişət zorakılığı qurbanları, yaxid insan alveri qurbanlarının həyatı ilə bağlı risklərin qiymətləndirilməsi qaydası bu şəxslərə şamil edilə bilməz. Onların həyatı üçün risklər deyil, riskli davranışın vəziyyətinin qiymətləndirilməsinə böyük ehtiyac var. Bu şəxslərin real MƏN-ini yenidən qurmaq lazımdır. Ağır işdir, çox ağır.

M.Zeynalova bildirdi ki, bu şəxslərdə ideoloji təsir o qədər oturuşub ki, inteqrasiyası kifayət qədər vaxt apara bilər. Onlar zorakılığı davranış olaraq görmüş və ideoloji olaraq onun tətbiqini normal qəbul edənlərdir. Ona görə də ƏƏSMN-nin reabilitasiya proqramının uzunmüddətli olacağı nəzərə alınmalıdır.


Geri qayıt