Əsas Səhifə > Güney Press > Minlərlə azərbaycanlını narahat edən QƏRAR

Minlərlə azərbaycanlını narahat edən QƏRAR


Bu gün, 15:42

Hazırda Rusiyanın “Zolotaya Korona” ödəniş sistemi vasitəsilə Azərbaycan, Ermənistan, Gürcüstan və Qazaxıstana pul köçürmələri əlçatan deyil.

Rəsmi saytda Rusiyadan onlayn pul köçürülməsi mümkün olan ölkələr arasında yalnız Özbəkistan, Türkiyə və Qırğızıstan qeyd olunub.

Bu məhdudiyyətin Avropa İttifaqının Rusiyaya qarşı 21-ci sanksiyalar paketini qəbul etməsindən sonra tətbiq olunduğu bildirilir.

Qeyd edək ki, “Zolotaya Korona” ödəniş sisteminin operatoru olan “Platejnıy Sentr” (“Платежный центр”) Rusiya Qeyri-Bank Kredit Təşkilatı Aİ-nin sanksiyalar paketinə daxil edilib.

Nəzərə alaq ki, Rusiyada yaşayan soydaşlarımız hər il Azərbaycana böyük miqdarda vəsait göndərir.

Belə ki, 2025-ci ildə Rusiyadan Azərbaycana pul köçürmələri 479,3 milyon ABŞ dolları təşkil edib. Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən bu, 2024-cü illə müqayisədə 3,5 faiz azdır. Hesabat dövründə Rusiyadan köçürmələrin ümumi daxilolmalarda payı 45,9 faizdən 40,7 faizə düşüb.

Lakin 5 ayda Azərbaycana sürətli pulköçürmə sistemləri vasitəsilə pulköçürmələrinin həcmi 700,7 milyon manata yüksəlib. Ötən ilin eyni dövründə bu göstərici 641,4 milyon manat təşkil etmişdi.

Bəs “Zolotaya Korona” ödəniş sisteminin bloklanması Rusiyadan pul köçürmələrə necə təsir edəcək?

Suala aydınlıq gətirən iqtisadçı Əkrəm Həsənov Bizim.Media-ya bildirib ki, bu sanksiyanın Rusiyadan Azərbaycana pul köçürmələrinə elə bir ciddi təsir olmayacaq:

“Doğrudur, Rusiyadakı soydaşlarımız qohumlarına pul göndərərkən “Zolotaya Korona” ödəniş sistemindən daha çox istifadə edirdilər. Amma bunun alternativləri də var. Soydaşlarımız bank hesabı vasitəsi və digər Beynəlxalq tətbiqlər üzərindən yenə də Azərbaycana pul göndərə biləcəklər”.


Geri qayıt