Əsas Səhifə > Güney Press > 10 dərsə sürücü hazırlayan kurslar: Yol qəzalarının səbəbkarı onlardır?

10 dərsə sürücü hazırlayan kurslar: Yol qəzalarının səbəbkarı onlardır?


Bu gün, 10:41

Azərbaycanda son illər sürücülük təlimi adı altında fəaliyyət göstərən fərdi təlimçilərin sayı artsa da, bu sahədə vahid standartların və ictimaiyyətə açıq tədris proqramlarının olmaması narahatlıq doğurur.

Xüsusilə sosial şəbəkələrdə yol hərəkəti qaydalarını yanlış izah edən videoların yayılması, "10 dərsə peşəkar sürücü olacaqsınız" kimi iddialı vədlərin verilməsi yeni sürücülərin çaşqınlıq yaşamasına və yol hərəkəti təhlükəsizliyi üçün əlavə risklərin yaranmasına səbəb olur.

Bəs bu sahədə qanunvericiliyin tələbləri nələrdir? Bu sahədə vahid standartların olmaması qəzaların artmasına nə dərəcədə təsir göstərir?

Mövzu ilə bağlı nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov “Cebheinfo.az”-a açıqlamasında bildirib ki, bəzi sürücülük təlimçilərinin özlərinin yenidən hazırlanmasına ehtiyac var.

Onun sözlərinə görə, yanlış sürücülük təlimləri qəza riskini artırır:

“Sürücülük təlimləri ilə məşğul olan bir qisim insanlar var ki, onların özlərinin yenidən təlim keçməyə ehtiyacı var. Biz bunu adi sosial şəbəkələrdə də müşahidə edirik.

Görürük ki, sürücülük təlimi ilə məşğul olan şəxslər, istər kişi olsun, istər qadın, fərq etmir, yol hərəkəti qaydaları ilə bağlı həqiqəti əks etdirməyən, hətta yeni öyrənənlərdə çaşqınlıq yaradan videomateriallar hazırlayıb yayırlar. Bu da özlüyündə yol hərəkəti təhlükəsizliyi üçün böyük risk yaradır”.

Nəqliyyat eksperti qeyd edib ki, sürücülük təlimlərindəki boşluqlar yol təhlükəsizliyinə mənfi təsir göstərir:

“Bu gün sürücülük təlimləri və məktəbləri ilə bağlı ictimaiyyətə açıq hər hansı bir proqram mövcud deyil ki, biz də bu təlimçilərin hansı proqramlar əsasında fəaliyyət göstərdiyini, kursların necə həyata keçirildiyini bilmirik.

Bu barədə məlumat yoxdur. Əminəm ki, bu gün gedib sürücülük təlimləri və məktəbləri ilə bağlı reportaj hazırlamaq istəsəniz, bunu edə bilməyəcəksiniz. Mümkün olmayacaq.

Heç kim sizə bunun hansı proqram əsasında, hansı mərhələlərlə və hansı qaydalarla həyata keçirildiyini izah etməyəcək. Bu da bizim bu gün yollarda çətinlik yarada bilən məsələlərdən biridir.

Yəni hər şey bu təlimlərdən başlayır. Məhz buna görə də uzun illərdir qəzaların sayını azalda, sürücülük bacarıqlarını artıra bilmirik”.


Geri qayıt