|

Abşeron Rayon Məhkəməsində qəsdən sağlamlığa az ağır zərər vurmada və xuliqanlıqda təqsirləndirilən Nazənin Səmədovanın (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Vaqif Həsənovun sədrliyi ilə keçirilən prosesdə ittiham aktı elan olunub.
İttihama görə, təqsirləndirilən şəxs gözəllik salonunda dırnaq ustası kimi çalışan zərərçəkmiş Səma Məlikovanın (adı, soyadı şərtidir) ona 2 manat borclu olması səbəbindən telefonla pulunu tələb edib. Tərəflər arasında yaranan mübahisədən sonra Nazənin Səmədova Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən "Gold" gözəllik salonuna gələrək zərərçəkmiş şəxslə üz-üzə qarşılaşıb. Təqsirləndirilən şəxs ictimai yer olan salonun qarşısında Səmanın ünvanına nalayiq ifadələr işlədib, ictimai qaydanı kobud şəkildə pozaraq cəmiyyətə açıq hörmətsizlik nümayiş etdirib. Daha sonra o, qadının üzərinə hücum edərək təxminən 15-20 dəqiqə davam edən mübahisə zamanı onun sinəsindən tutaraq silkələyib, sol əl barmaqlarını burub və müxtəlif xəsarətlər yetirib.
Məhkəmə-tibbi ekspertizasının rəyinə əsasən, zərərçəkmiş şəxsdə sol əlin IV barmağının proksimal falanqasının qapalı yerdəyişən sınığı, eləcə də sağ said nahiyəsində qançırlar aşkarlanıb. Bu xəsarətlər sağlamlığın uzun müddət pozulmasına səbəb olan, lakin həyati təhlükə yaratmayan az ağır bədən xəsarəti kimi qiymətləndirilib.
Bu səbəbdən Nazənin Səmədovaya Cinayət Məcəlləsinin 127.1-ci (qəsdən sağlamlığa az ağır zərər vurma) və 221.1-ci (xuliqanlıq) maddələri ilə ittiham elan olunub.
Lakin məhkəmə baxışı zamanı cinayət işinin materiallarında ciddi prosessual çatışmazlıq müəyyən edilib. Belə ki, ittiham aktında və digər materiallarda zərərçəkmiş şəxsin şəxsiyyəti ilə bağlı məlumatlarda yalnız "X3" qeyd olunsa da, həmin şəxsin məhz bu şəxs olduğunu təsdiq edən hər hansı rəsmi sənəd iş materiallarına əlavə edilməyib.
Məhkəmə hesab edib ki, belə bir çatışmazlıq cinayət işinə mahiyyəti üzrə baxılmasına mane olur. Bu səbəbdən Nazənin Səmədovanın Cinayət Məcəlləsinin 127.1 və 221.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinin məhkəmə baxışına xitam verilib.
Qərara əsasən, cinayət işi aşkar olunmuş prosessual nöqsanların aradan qaldırılması üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Abşeron Rayon Prokurorluğuna qaytarılıb.
Eyni zamanda məhkəmə təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin dəyişdirilmədən qüvvədə saxlanılmasına qərar verib.
Geri qayıt
|