Əsas Səhifə > Güney Press > Kim Çen Inin bacısı KXDR-in nüvə statusunun geri dönməz olduğunu açıqlayıb
Kim Çen Inin bacısı KXDR-in nüvə statusunun geri dönməz olduğunu açıqlayıbBu gün, 07:05 |
|
Şimali Koreya lideri Kim Çen Inin bacısı Kim Yo Çjon Koreya Xalq Demokratik Respublikasının (KXDR) nüvə dövləti statusunun yekun və geri dönməz olduğunu bildirib. Teleqraf xəbər verir ki, Koreya Mərkəzi Telegraf Agentliyinin məlumatına görə, Koreya Əmək Partiyası Mərkəzi Komitəsinin şöbə müdiri Kim Yo Çjon ölkəsinin nüvə potensialının fasiləsiz gücləndiriləcəyini deyib. "Kim nə deyirsə desin, KXDR-in məsuliyyətli nüvə dövləti kimi mövcudluğunun statusu və əhəmiyyəti yekun və geri dönməzdir. Bu status Koreya yarımadasında və ondan kənarda qüvvələr balansını və geosiyasi təhlükəsizliyi təmin edir. KXDR-in nüvə gücü heç bir fasilə olmadan daim yenilənəcək", - deyə o bildirib. Kim Yo Çjonun açıqlaması ASEAN Regional Forumunun sədri tərəfindən hazırlanan və Koreya yarımadasının tam nüvəsizləşdirilməsinə çağırış edən sənədə cavab olaraq verilib. O, forumun mövqeyindən "ciddi narazılıq" ifadə edib və bu çağırışı rədd edib. KXDR rəsmisi vurğulayıb ki, ölkə konstitusiyasında təsbit olunan nüvə dövləti statusu "heç bir hüquqi qüvvəsi olmayan sadə sənədlə" dəyişdirilə bilməz. O, ABŞ və müttəfiqlərinin Koreya yarımadasının nüvəsizləşdirilməsi siyasətini "strateji düşüncənin məğlubiyyəti" və "axmaq xəyal" adlandırıb. Kim Yo Çjon bildirib ki, Pxenyanın mövqeyi dəyişməzdir və nüvə qüvvələri ölkənin suverenliyini qorumaq üçün "etibarlı qalxan" rolunu oynayır. Geri qayıt |