Əsas Səhifə > Güney Press > Azərbaycan rəqəmsal manatın istifadəsinə hazırdırmı?

Azərbaycan rəqəmsal manatın istifadəsinə hazırdırmı?


Bu gün, 16:56

Son illər dünyada mərkəzi bankların rəqəmsal valyutaları (CBDC) ilə bağlı müzakirələr sürətlənib.

Rəqəmsal texnologiyaların inkişafı və nağdsız ödənişlərin geniş yayılması bir çox ölkəni öz milli rəqəmsal valyutasını yaratmağa sövq edir.

Artıq bəzi dövlətlər rəqəmsal valyutanı dövriyyəyə buraxıb, digərləri isə pilot layihələr həyata keçirərək onun iqtisadiyyata və maliyyə sisteminə mümkün təsirlərini qiymətləndirir.

CBDC- Mərkəzi Bankın rəqəmsal valyutası dövlət tərəfindən buraxılan və yalnız rəqəmsal formada mövcud olan milli valyutadır. O, kriptovalyutalardan fərqli olaraq Mərkəzi Bank tərəfindən idarə olunur və dövlət zəmanəti ilə təmin edilir. Azərbaycanda hələ rəqəmsal manat tətbiq edilməsə də, bu istiqamətdə mümkün addımlar zaman-zaman müzakirə olunur.

Bəs gələcəkdə Mərkəzi Bank rəqəmsal manatı dövriyyəyə buraxarsa, bu, vətəndaşların gündəlik ödənişlərinə, bank xidmətlərindən istifadəsinə və maliyyə təhlükəsizliyinə necə təsir göstərəcək?

Mövzu ilə bağlı "Cebheinfo.az"-a açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı-ekspert Akif Nəsirli bildirib ki, rəqəmsal texnologiyaların inkişafı maliyyə sahəsində də yeni imkanlar yaradır:

"Rəqəmsal manatın tətbiqi Azərbaycanda ödəniş sistemlərinin daha sürətli, təhlükəsiz və şəffaf işləməsinə kömək edə bilər. Belə bir valyuta vasitəsilə köçürmələr daha qısa vaxtda həyata keçirilə, nağd puldan istifadə azala və maliyyə xidmətlərinə çıxış genişlənə bilər.

Dövlət üçün də ödənişlərin izlənməsi, sosial ödənişlərin çatdırılması və kölgə iqtisadiyyatı ilə mübarizə baxımından əlavə imkanlar yarana bilər".

O qeyd edib ki, vətəndaş üçün əsas üstünlüklər sürətli və aşağı xərcli ödənişlər, daha rahat rəqəmsal xidmətlər və etibarlı ödəniş infrastrukturu ola bilər:

"Bununla yanaşı, şəxsi məlumatların qorunması, kibertəhlükəsizlik və maliyyə məlumatlarının məxfiliyi kimi məsələlər də diqqətdə saxlanmalıdır.
Rəqəmsal manat nağd pulu tam əvəz etməyəcək, əksinə, mövcud ödəniş vasitələrini tamamlayan əlavə bir seçim kimi tətbiq oluna bilər.

Ona görə də belə bir sistemə keçid yalnız güclü texniki hazırlıq, hüquqi baza və ictimai etimad formalaşdıqdan sonra məqsədəuyğun hesab oluna bilər".


Geri qayıt