|
Rus klassiklərini ilk dəfə oxuyan adamın ağlına bir sual gəlir: Niyə bu romanlarda bal səhnələri bu qədər uzundur? Niyə Tolstoy, Dostoyevski, Turgenyev onlarla səhifəni insanların rəqsinə, geyiminə, salon söhbətlərinə sərf edirlər? Axı həmin dövrdə Rusiya müharibələr, yoxsulluq, kəndli üsyanları, siyasi böhranlar yaşayan bir imperiya idi. Yazıçılar niyə bunları yox, baloları bu qədər israrla göstərirdilər? Çünki onlar baldan yox, cəmiyyətdən yazırdılar. XIX əsr Rusiyası qəribə bir ziddiyyət yaşayırdı. Dünyanın ən böyük imperiyalarından biri idi, amma özünü Avropanın kölgəsində görürdü. Aristokratlar rus dilindən çox fransızca danışır, Paris modasını təkrarlayır, başqa xalqların həyat tərzini öz mədəniyyətlərindən üstün tuturdular. Onlar zəngin idilər, amma özlərinə aid bir mədəni özünəinam yarada bilməmişdilər. Tanış mənzərədir deyilmi? Bəs bu əsərlər niyə bu gün də aktualdır? Çünki XIX əsrin Rusiyasında müşahidə edilən mənəvi problem artıq təkcə Rusiyaya aid deyil. Təqlidçilik, nümayiş, saxta nüfuz, dəbdəbə sevgisi və kütlə psixologiyası bu gün dünyanın hər yerində mövcuddur. Sosial şəbəkələr insanların həyatını nümayiş meydanına çevirdiyi bir dövrdə Tolstoyun salonları ilə bugünkü virtual aləm arasında düşündüyümüzdən daha çox oxşarlıq var. Bəlkə də rus ədəbiyyatının ölməzliyi məhz bundadır. Bəlkə də buna görə rus romanlarında ən böyük döyüşlər cəbhədə deyil, salonlarda baş verir. Elə buna görə də eyni problem üç böyük rus yazıçısını fərqli nəticələrə gətirib çıxardı. Tolstoy üçün bal insanın daxilinin güzgüsüdür. Ona görə, insanın necə rəqs etməsi yox, necə yaşaması vacibdir. Müharibə davam etdiyi halda salonlarda vals edən aristokratlar onun üçün bir sinfin faciəsidir. Çünki insan bəzən silahla yox, mənəvi boşluqla məğlub olur. Dostoyevski isə həmin salonlara tamam başqa gözlə baxır. Onun qəhrəmanları dəbdəbənin içində belə özlərini tənha hiss edirlər. Onlar başqalarına bənzəməyə çalışan insanların arasında özlərini itirirlər. Ona görə Dostoyevskinin romanlarında ən böyük dram rəqs meydançasında deyil, insanın vicdanında baş verir. Turgenyev isə problemin kökünü başqa yerdə görürdü. O hesab edirdi ki, inkişaf etmək üçün Qərbdən öyrənmək lazımdır. Amma öyrənməklə kor-koranə təqlid arasında böyük fərq var. Başqasının paltarını geyinmək asandır, onun düşüncə mədəniyyətini mənimsəmək isə çətindir. Rus yazıçılarının uzun balo səhnələri əslində bir etiraz idi. Onlar oxucuya deyirdilər ki, cəmiyyətin ən təhlükəli xəstəliyi aclıq deyil, insanın özünü itirməsidir. Çünki kimliyini itirən xalq gec-tez düşüncəsini də itirir. Məncə rus ədəbiyyatının bu gün də oxunmasının səbəbi məhz budur. Çünki Tolstoyun təsvir etdiyi salonlar artıq başqa formada bizim də həyatımıza köçüb. O dövrün balolarını bu gün sosial şəbəkələr əvəz edib. İnsanlar yenə görünmək istəyir, yenə başqasına bənzəməyə çalışır, yenə öz həqiqi həyatından çox yaratdığı görüntünü yaşayır. Bir tərəfdə gənclərin işsizlik, təhsil, psixoloji sağlamlıq, sosial ədalətsizlik kimi problemləri var. Digər tərəfdə isə saatlarla kiminsə nə geyindiyini, harada yemək yediyini, hansı maşını sürdüyünü müzakirə edirik. Bəzən elə təsəvvür yaranır ki, cəmiyyət vacib problemləri deyil, daha çox nümayişi mükafatlandırır. Deməli, dəyişən yalnız dekorasiyadır. Deməli dövr dəyişsə də insanların, cəmiyyətlərin özünü başqasının gözündə axtarmaq vərdişi dəyişmir.
Günel Musa - "DİA-AZ"
Geri qayıt
|