Əsas Səhifə > Güney Press > “Tarqovı”da qeyri-etik sorğular keçirən üç nəfər saxlanıldı

“Tarqovı”da qeyri-etik sorğular keçirən üç nəfər saxlanıldı


Bu gün, 16:57

Bakının Səbail rayonunda üç nəfər şəxsin qeyri-etik sorğular keçirməsi məlum olub.

Teleqraf-ın xəbərinə görə, Səbail rayonu, Nizami küçəsi ərazisində, “Tarqovı” adlanan ərazidə 3 nəfər şəxsin video çəkiliş vasitəsilə ictimaiyyət arasında qeyri-etik sorğular keçirməsi, cəmiyyətə açıq hörmətsizlik etdiyi müəyyən olunub.

Onların barəsində İnzibati Xətalar Məcəlləsinin 510.2-ci maddəsi ilə inzibati protokol tərtib edilib.

Həmin şəxslərdən biri Neftçala rayon sakini, 1997-ci il təvəllüdlü B. M. bildirib ki, 5 ilə yaxındır “YouTube” sosial şəbəkəsində video çəkərək paylaşır. Onun sözlərinə görə, 3 aya yaxındır Azərbaycanda əyləncə tipli konseptlər çəkərək sosial şəbəkədə paylaşmaqla məşğuldur.

O bildirib ki, səhifəsi üçün bəzi qeyri-etik video reportajlar çəkdiyinə görə polis əməkdaşları tərəfindən saxlanılaraq polis bölməsinə dəvət edilib. Törətdiyi əmələ görə peşman olduğunu söyləyib.

“Videogörüntülərdə olan şəxslərə pulların verilməsi real hadisə deyil. Əvvəlcədən razılaşdırılmış modellər bu videoçəkilişlərdə iştirak edir və onlar üçün də bu reklam kimi hesab olunur və tanınırlar, - deyə təqsirli bilinən şəxs deyib.

Səbal Rayon Məhkəməsinin qərarı ilə həmin şəxs təqsirli bilinib və 8 gün müddətinə inzibati qaydada həbs edilib.

Digər şəxslər də inzibati məsuliyyətə cəlb olunublar.


Geri qayıt