|

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Rəsul Musayevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Zaur Hacıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə ona cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 6 il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilib.
İttihama görə, təqsirləndirilən şəxs özünü kafel-metlaq məhsullarının alqı-satqısı ilə məşğul olan uğurlu sahibkar kimi təqdim edərək müxtəlif şəxslərin etibarını qazanıb, onlardan yüksək gəlir vədi ilə külli miqdarda pul alıb. İstintaqın qənaətinə əsasən, əldə etdiyi pulları ticarətə yönəltmək əvəzinə internet üzərindən fəaliyyət göstərən "1XBet" platformasında mərc oyunlarına xərcləyib.
Cinayət işi materiallarında göstərilir ki, Rəsul Musayev sahibkarlıq fəaliyyəti ilə məşğul olmadığı halda zərərçəkmiş S.S.-ə (adı, soyadı şərtidir) kafel-metlaq məhsullarının alqı-satqısından böyük gəlir əldə etdiyini bildirib. O, zərərçəkmişi bu sahəyə sərmayə qoyacağı halda yüksək qazanc əldə edəcəyinə inandırıb.
İlk görüş zamanı Yasamal rayonunda yerləşən stomatoloji klinikada zərərçəkmişdən 3 000 manat alıb. Bir müddət sonra etimadı artırmaq məqsədilə həmin şəxsə guya ticarətdən əldə olunmuş gəlir kimi 575 manat təqdim edib.
Bundan sonra eyni üsulla yenidən 3 000 manat alıb və bu dəfə "qazanc" adı ilə 550 manat qaytarıb.
Növbəti mərhələdə ticarətin genişləndirilməsi bəhanəsi ilə zərərçəkmişdən daha 5 000 manat alınıb. Təqsirləndirilən şəxs bu dəfə də əldə edilən mənfəət kimi 850 manat təqdim etməklə qarşı tərəfdə etibar yaratmağa çalışıb.
Bundan sonra Rəsul Musayev müxtəlif vaxtlarda S.S.-dən "McDonald's" restoranının qarşısında 14 790 manat, Yasamal rayonunda yerləşən stomatoloji klinikada 9 850 manat, Nizami rayonunda yerləşən "Ailə" restoranının qarşısında isə 14 586 manat məbləğində pul vəsaiti alıb.
Beləliklə, istintaqın hesablamalarına görə, Rəsul Musayev zərərçəkmişdən ümumilikdə 50 208 manat ələ keçirib.
İttihamda qeyd olunur ki, həmin vəsaitlərin hamısı sonradan "1XBet" platformasında mərc oyunlarına sərf olunub.
Bundan başqa, təqsirləndirilən şəxs eyni cinayət sxemini başqa bir şəxsə qarşı da tətbiq edib.
Belə ki, həmin vaxt "SS Center" MMC-də satıcı işləyən zərərçəkmişə F.F. (adı, soyadı şərtidir) də kafel-metlaq ticarətinə investisiya yatıracağı halda yüksək gəlir əldə edəcəyini vəd edib.
İlk olaraq Xətai rayonunda yerləşən "Abşeron" restoranında keçirilən görüşdə ondan 6 000 manat alıb.
Daha sonra "Rich Plaza" biznes mərkəzinin yaxınlığında keçirilən növbəti görüş zamanı 30 500 manat qəbul edib.
İstintaqın qənaətinə görə, bu mərhələdə də zərərçəkmişin şübhələnməməsi üçün ona guya əldə olunmuş qazanc kimi 1 396 manat təqdim olunub.
Bundan sonra Rəsul Musayev ticarətin daha da genişləndiriləcəyini bildirərək eyni ünvanda zərərçəkmişdən daha 35 000 manat alıb.
Beləliklə, ikinci zərərçəkmişdən ümumilikdə 71 500 manat pul vəsaiti əldə edilib.
Rəsul Musayev bu vəsaiti də əvvəlki epizodda olduğu kimi "1XBet" mərc oyunlarında xərcləyib.
Cinayət işi üzrə müəyyən edilib ki, hər iki epizod üzrə zərərçəkmişlərə vurulan maddi ziyanın ümumi məbləği 121 708 manat təşkil edib.
İstintaq orqanı hesab edir ki, təqsirləndirilən şəxs əvvəldən vəd etdiyi ticarət fəaliyyətini həyata keçirmək niyyətində olmayıb. O, zərərçəkmişlərin etibarını qazanmaq üçün müəyyən məbləğləri "qazanc" adı ilə geri qaytararaq yeni investisiyalar cəlb edib, sonradan isə aldığı pulları şəxsi ehtiyaclarına və onlayn mərc oyunlarına sərf edib.
Geri qayıt
|