Əsas Səhifə > Güney Press > Qısqanc kişi hoteldə sevgilisinə xəsarət yetirdi

Qısqanc kişi hoteldə sevgilisinə xəsarət yetirdi


Bu gün, 11:13

Nərimanov Rayon Məhkəməsində hoteldə sevgilisinə xəsarət yetirməkdə təqsirləndirilən Pənah Kərəmlinin (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Gültəkin Əsədovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.


Məhkəmənin hökmü ilə o, cinayət məsuliyyətindən azad edilib və iş üzrə icraata xitam verilib.


İttihama görə, hadisə 2026-cı il iyunun 10-da, saat 10:30 radələrində paytaxt ərazisində yerləşən "Villa İnn" hotelinin otaqlarından birində baş verib.


Belə ki, Pənah Kərəmli həmin vaxt qısqanclıq zəminində sevgilisi, zərərçəkmiş Lalə İmanova (adı, soyadı şərtidir) ilə mübahisə edib. Mübahisə zamanı o, qəsdən yumruqla qadının çiyin nahiyəsinə zərbə endirib.


Məhkəmə-tibbi ekspertizasının rəyinə əsasən, zərərçəkmişin sağ bazusunda hematoma, fluktuasiya və ağrı sindromu yaranıb. Müəyyən olunub ki, xəsarətlər sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül bədən xəsarətləri kateqoriyasına aiddir.


İstintaq orqanı təqsirləndirilən şəxsin əməlini Cinayət Məcəlləsinin 128-ci maddəsi - qəsdən sağlamlığa yüngül zərər vurma maddəsi ilə tövsif edib.


Məhkəmə hazırlıq iclasında Pənah Kərəmli özünü elan olunmuş ittiham üzrə təqsirli bilib.


O deyib ki, hadisədən sonra Lalə İmanova ilə barışıblar. Təqsirləndirilən şəxs məhkəmədən tərəflər arasında barışıq əldə olunduğunu nəzərə alaraq cinayət işi üzrə icraata xitam verilməsini xahiş edib.


Zərərçəkmiş Lalə İmanova da məhkəməyə yazılı ərizə təqdim edərək təqsirləndirilən şəxslə barışdığını təsdiqləyib.


O bildirib ki, dəymiş zərər tam ödənilib, Pənah Kərəmliyə qarşı heç bir şikayəti və ya maddi-mənəvi tələbi yoxdur.


Lalə İmanova bu səbəbdən cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edib.


Geri qayıt