Əsas Səhifə > Güney Press / Ana xəbər > Həmid Herisçi kimə və nəyin minnətini vurur?

Həmid Herisçi kimə və nəyin minnətini vurur?


Bu gün, 09:52

Həmid Herisçinin bir media orqanına verdiyi sözlü müsahibəsinin başlığı diqqətimi cəlb etdi: “Ömrümü Azərbaycana həsr etdiyim üçün peşmanam”.
Müsahibəni dinləməyə qərar verdim, amma sonuna qədər dinləyə bilmədim. O qədər mənasız və real faktları təkzib edən iddiaları vardı ki, dinlədikcə adamın ürəyi bulanırdı. Herisçinin iddiasından belə çıxır ki, Şimali Azərbaycanda ədəbi nümunə deyilə biləcək bir şeir, roman yoxdur. Azərbaycan adına yaraşan nə varsa, Arazın o tayında ərsəyə gəlib. Və bu möhtəşəm ədəbi nümunələri ərsəyə gətirənlər farsca yazıb-yaradan ədiblər və kino-rejissorlardır. Onların əsərlərinin dilində olmasa belə, alt qatından Azərbaycan türkü boylanır.
Anarın təbiri ilə desək, gəlişi gözəl fikirlərdir. Görünür, Həmid bəy unudur ki, istənilən əsərə hansısa millətin damğasını vurmaq üçün onun alt qatına yox, yazıldığı dilə nəzər salınır. Çünki istənilən böyük əsərin məzmunu ümumbəşəridir. Yəqin ki, həmin fikirlər müxtəlif coğrafiyalarda, fərqli millət mənsublarının da ağlına gəlib və ya gələ bilər. Milli yazar və ədiblərin hünəri o düşüncələri öz dilində ifadə etmək qabiliyyəti ilə ölçülür. Milli dildə yazılmayan əsərlər bəlkə bəşəriyyətin estetik dünyasını, söz xəzinəsini doldura bilər və doldurmalıdır da. Amma onun hansı millətə mənsub olub-olmadığını qələmə alındığı dillə müəyyənləşdirmək olar. Yaxşı qələmə alınmış bir əsəri əgər biz tərcüməsiz oxuyub anlaya bilmiriksə, bizim üçün onun Şekspirin,yaxıd Qoqolun və ya digər klassiklərin əsərlərindən nə fərqi var? Necə ki, biz tərcüməsindən oxuduğumuz və bəyəndiyimiz hansısa fransız yazıçısına Azərbaycan yazarı deyə bilmiriksə, öz soydaşlarımızın farsca qələmə aldıqları əsəri də milli ədəbiyyat nümunəsi kimi təqdim edə bilmərik. İstərsən, hər sətirindən yüz dənə Məmmədhəsən əmi sallansın.
Mənə ən qəribə gələn isə bu adamın guya Azərbaycana həsr etdiyi ömrünü bizə halal etməməsidir. Həmid Herisçini tanımayanlar yəqin ki, bu fikirlərə qulaq asanda onun Təbrizdə doğulub Şimali Azərbaycan üçün böyük fədakarlıqlar göstərdiyini sanarlar. Adam 1961-ci ildə Bakı şəhərində doğulub. Orta məktəbə də, universitetə də Bakıda gedib. Sadəcə atası məhrum Qafar Kəndli Herisçi Təbrizdə doğulub və 1947-ci ildə Pişəvəri hökuməti devrildikdən sonra Şimali Azərbaycana köçüb. Bu mühacirətdən 14 il sonra isə Həmid dünyaya gəlib. Yəni xor gördüyü Şimali Azərbaycanın istənilən vətəndaşı qədər Cənubi Azərbaycanlı, Təbrizlidir.
Söhbətinin mən qulaq asdığım hissəsindən gəldiyim nəticəyə görə, özünü dünyanın ən böyük karifeyi kimi görən, həyat yoldaşından başqa heç bir jurnalistin yaradıcılığını, peşəkarlığını bəyənməyən Həmid Herisçi bu zamana qədər çalışdığı işindən çıxarıldığı üçün bizdən küsüb və anadan olmaq, oxumaq, ən yaxşı yerlərdə işləmək, əzizlənmək kimi xidmətlərini Azərbaycan xalqına halal etmir. Sözsüz ki, istənilən insanın işdən çıxarılması yaxşı hal deyil. Amma buna görə öz patronundan yox, ölkəsindən küsmək, üstəlik ona və ailəsinə isti qucaq açmış bir məmləkətin boynuna minnət qoymaq da ən azı nankorluqdur. Həmid Herisçi başa düşməlidir ki, bu ölkədə ən azı onun qədər istedadlı yüzlərlə, bəlkə də minlərlə, onminlərlə yaradıcı şəxs var və onlar anadan olandan indiyədək öz papaqları altında gizləniblər. Amma ağızlarını açıb ölkələrinin üzərində minnət də qoymayıblar.
Çox danışmaq istəmirəm. Hesab edirəm ki, hələlik bu qədər yetər.
Müəllif: Heydər Oğuz - Mənbə: "DİA-AZ"

Geri qayıt