Əsas Səhifə > Güney Press > İran təslim olmadı, ABŞ planını dəyişdi

İran təslim olmadı, ABŞ planını dəyişdi


Bu gün, 15:39

ABŞ Prezidenti Donald Trampın Səudiyyə Ərəbistanının dinc nüvə proqramına dəstək verən sazişi təsdiqləməsi Yaxın Şərqdə təhlükəsizlik arxitekturası və geosiyasi balansla bağlı müzakirələri yenidən gündəmə gətirib. Vaşinqtonun 30 il müddətini əhatə edən bu əməkdaşlıq çərçivəsində Riyadın nüvə infrastrukturunun inkişafına dəstək verməsi, eyni zamanda müəyyən şərtlər daxilində ölkədə uranın zənginləşdirilməsi imkanını nəzərdə tutması regionun gələcəyi baxımından mühüm addım kimi qiymətləndirilir. Qərar xüsusilə İranın nüvə proqramı ətrafında gərginliyin davam etdiyi, İsrail-İran qarşıdurmasının hələ də regional təhlükəsizlik üçün əsas risk faktorlarından biri olaraq qaldığı bir dövrdə qəbul edilib. Bu baxımdan, Vaşinqtonun addımının yalnız iqtisadi və enerji əməkdaşlığı ilə məhdudlaşmadığı, eyni zamanda ABŞ-nin Yaxın Şərqdə strateji müttəfiqlərinin imkanlarını gücləndirməyə yönəlmiş daha geniş geosiyasi strategiyasının tərkib hissəsi olduğu barədə fikirlər səsləndirilir.

Hərbi-siyasi ekspert Həşim Səhrablı Sherg.az-a deyib ki, ABŞ-nin bu qərarı qəbul etmək niyyətinin arxasında İranla bağlı baş verən son hadisələr dayanır:

“Çünki ABŞ üçün bundan əvvəl əsas prioritet İranın nüvəsizləşdirilməsi idi. Ümumiyyətlə, İranda nüvə ilə bağlı həyata keçirilən və əldə edilən bütün işlərin qarşısını almaq, nüvə proqramı ilə bağlı hər şeyi dondurmaq və bu məsələni birdəfəlik bu şəkildə həll etmək məqsədi var idi. Ancaq zərbələrdən əvvəl də, zərbələr zamanı da, zərbələrdən sonra da İran tərəfi heç bir halda nüvə məsələsində güzəştə getmədi. Bu gün də mövcud situasiyada İran bununla bağlı hər hansı razılaşmaya və ya tələbə razı olacağını bildirməyib. Ona görə də ABŞ indi İranın nüvəsizləşdirilməsi və ümumiyyətlə, nüvə proqramı ilə bağlı bütün tələblərinin yerinə yetirilməyəcəyi halda, regiondakı müttəfiqlərinin də ən azı İran səviyyəsində cavab verə biləcək gücünü itirməməsi, İranla mübarizə aparmaq əzmini qoruyub saxlaması üçün yaşıl işıq yandırmaq istəmiş ola bilər.Çünki ABŞ çox uzaqdadır. ABŞ üçün bölgədə qüvvələr balansını qoruyub saxlamaq məqsədilə birbaşa müdaxilə etmək həm çox baha başa gəlir, həm də bəzi hallarda çəkilən xərclərə baxmayaraq, effektiv olmur. Ona görə də regionda elə bir vəziyyət formalaşdırmağa çalışır ki, region dövlətləri özləri İranın təsirlərinin artmasının və anti-ABŞ siyasi addımlarının sərtləşməsinin qarşısını almaq üçün müdaxilə və təsir etmək gücünə malik olsunlar”.

Analitik qeyd edib ki, Səudiyyə Ərəbistanının bu nöqtədə seçilməsi başa düşüləndir:

“Çünki Birləşmiş Ərəb Əmirlikləri ikinci alternativ kimi görünsə də, həm ərazisinin kiçik olması, həm də Səudiyyə Ərəbistanı ilə müqayisədə bir çox məsələlərdə geri qalması və hədəf seçilmə potensialının daha yüksək olması ABŞ-nin Səudiyyə Ərəbistanı variantını daha cəlbedici hesab etməsi ilə nəticələnir. Yəni bu, heç də Səudiyyə Ərəbistanını düşünmək və ya onun maraqlarını təmin etmək naminə atılan addım deyil. Əslində bu, anti-İran siyasətinin və İrana qarşı izlənilən siyasətin yeni mərhələsidir. Mənə elə gəlir ki, əgər üç gün, bir həftə və ya bir ay sonra İranın nüvə proqramı tamamilə sıfırlansa, bu halda ABŞ da Səudiyyə Ərəbistanında nüvə məsələsinin qabardılmasına, nüvə işlərinin hazırlanmasına və ümumiyyətlə, bu qərarın həyata keçirilməsinə ehtiyac görməyəcək. Bunu artıq lazımsız hesab edəcək. O ki qaldı bu qərarın qüvvələr balansına təsiri məsələsinə, mənə elə gəlir ki, burada xüsusi dəyişiklik gözləmək mümkün deyil. Çünki bundan əvvəl də görürdük ki, İrana qarşı atılan addımlarda ABŞ-nin ən yaxın müttəfiqi sayılan İsrail hərbi baxımdan çox güclü olmasına, hətta nüvə silahına malik olmasına baxmayaraq, bu amil hər hansı xüsusi üstünlük yaratmırdı. Çünki nüvə məsələsi elədir ki, nüvə silahından istifadə etmək asan məsələ deyil. Üstəlik, bu, beynəlxalq hüquq baxımından qeyri-legitim hesab olunur və bunu edəcək, yaxud asanlıqla edə biləcək hər hansı ölkə yoxdur. Ona görə də nüvə məsələsi burada sadəcə İrana qarşı təzyiq vasitəsi rolunu oynayır. ABŞ-nin nüvə ilə bağlı siyasətinin məqsədi də İrana təzyiqləri artırmaq və onu fakt qarşısında qoyaraq öz şərtlərinə razı salmaqdan ibarətdir”.


Geri qayıt