Əsas Səhifə > Güney Press > Ermənistanda referendum qərarı:

Ermənistanda referendum qərarı:


Dünən, 16:48

Ermənistanda Mərkəzi Seçki Komissiyasının (MSK) "Avrasiya Alyansı" vətəndaş təşəbbüs qrupunun Konstitusiyaya dəyişikliklə bağlı ümumxalq referendumunun keçirilməsi üçün müraciətini təsdiqləməsi ölkədə siyasi mübarizəni yeni mərhələyə çıxarıb.

Musavat.com "Qolos Armeniya"ya istinadən belə xəbər verir.

Bildirilir ki, bu təşəbbüs təkcə hüquqi dəyişiklik deyil, həm də Ermənistanın gələcək geosiyasi istiqamətini müəyyənləşdirəcək siyasi sınaq hesab olunur.

Təşəbbüsün mahiyyəti Konstitusiyada elə bir müddəanın təsbit edilməsidir ki, Ermənistan mövcud beynəlxalq öhdəliklərinə zidd olan yeni sazişlər imzalaya bilməsin. Bu isə faktiki olaraq ölkənin Avrasiya İqtisadi İttifaqından (Aİİ) çıxışını hüquqi baxımdan mümkünsüz və ya xeyli çətin edə bilər.

Xəbərdə qeyd olunur ki, mümkün referendum Ermənistanın qarşısında duran əsas sualı – Avropa İttifaqına inteqrasiya, yoxsa Aİİ-də qalmaq seçimini həll edə bilər.

Xatırladılır ki, mayın 29-da Astanada keçirilən Aİİ sammitindən sonra Rusiya, Belarus, Qazaxıstan və Qırğızıstan liderləri Ermənistanı Avropa İttifaqı ilə Aİİ arasında seçim etməsi üçün qısa müddətdə ümumxalq referendumu keçirməyə çağırmışdılar.

Bundan əvvəl, 2025-ci ilin əvvəlində Ermənistan hökuməti Avropa İttifaqına inteqrasiya haqqında qanun layihəsini qəbul etmişdi. Baş nazir Nikol Paşinyan həmin vaxt bildirmişdi ki, bu sənəd avtomatik olaraq Aİ üzvlüyü demək deyil və yekun qərar yalnız referendum vasitəsilə qəbul oluna bilər.

Buna cavab olaraq Moskva İrəvanın Avropa kursunu sərt tənqid etmiş, Prezident Vladimir Putin Ermənistanın Avropa İttifaqı ilə Aİİ arasında seçim etməli olduğunu bildirmişdi. Rusiya tərəfi Avropa istiqamətində addımların davam edəcəyi təqdirdə enerji sahəsində əməkdaşlığın məhdudlaşdırılacağını, həmçinin Ermənistan məhsullarının Rusiya bazarına çıxışının çətinləşəcəyini də bəyan etmişdi.

MSK-nın qərarından sonra hüquqi prosedur işə düşür. Avqustun 3-dən başlayacaq imza toplama kampaniyası çərçivəsində "Avrasiya Alyansı"nın 60 gün ərzində azı 200 min imza toplaması tələb olunur. Təşəbbüs qrupuna Ermənistan parlamentinin keçmiş deputatı Tiqran Urixanyanın rəhbərlik etdiyi "Alyans" Partiyasının nümayəndələri daxildir.

"Qolos Armeniya" hesab edir ki, bu proses ölkədə hakimiyyətə qarşı real narazılığın səviyyəsini göstərəcək. Nəşrin fikrincə, iyunun 7-də keçirilən parlament seçkiləri müxalifətin cəmiyyətdə ciddi dəstəyə malik olduğunu nümayiş etdirib və yeni referendum təşəbbüsü müxalifətin vahid platformada birləşməsi üçün əlavə imkan yaradır.

Nəşr eyni zamanda referendumun şəffaf keçirilməsi ilə bağlı ciddi sualların mövcud olduğunu vurğulayır. Məqalədə iddia edilir ki, son parlament seçkiləri zamanı inzibati resurslardan istifadə, müxalifətə təzyiqlər və səsvermə prosesində pozuntular barədə ittihamlar seçki sisteminə inamı zəiflədib.

Bu səbəbdən müəllif hesab edir ki, mümkün referendumun legitimliyi yalnız müxalifətin, vətəndaş cəmiyyətinin və müstəqil müşahidəçilərin ciddi nəzarəti altında təmin oluna bilər. "Qolos Armeniya" yazır ki, əgər təşəbbüs qrupu tələb olunan 200 min imzanı toplaya bilsə, Nikol Paşinyan hökuməti çətin siyasi seçim qarşısında qalacaq. Hakimiyyət ya referendumun keçirilməsinə razılıq verməli, ya da prosesi əngəlləmək ittihamları ilə üzləşməli olacaq.


Geri qayıt