Əsas Səhifə > Güney Press / Ana xəbər > Təmirə bağlanan yollar... NƏ VAXT AÇILIR?
Təmirə bağlanan yollar... NƏ VAXT AÇILIR?Bu gün, 16:13 |
|
Paytaxtın Hüseyn Cavid prospektinin Seyfəddin Dağlı küçəsindən Mikayıl Müşfiq küçəsinədək olan hissəsində bir neçə gündür davam edən yol-təmir işləri ilə əlaqədar nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq olunub. Bununla yanaşı, paytaxtın Səbail rayonu üzrə Bünyad Sərdarov küçəsində, eləcə də Nəsimi rayonu üzrə Füzuli küçəsinin Azadlıq prospektindən Rəşid Behbudov küçəsinədək olan hissəsində də aparılan təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə müvəqqəti məhdudlaşdırılıb. Paytaxtın bir sıra küçələrində günlərdir davam edən yol-təmir işləri sürücülərin gündəlik hərəkətini çətinləşdirib. Hərəkətə tətbiq olunan məhdudiyyətlər səbəbindən sürücülər mənzil başına çatmaq üçün alternativ yollardan istifadə etməyə məcbur qalırlar. Bu isə xüsusilə pik saatlarda həmin yollarda da nəqliyyat sıxlığının artmasına və əlavə vaxt itkisinə səbəb olur. Sürücülər təmir işlərinin mümkün qədər qısa müddətdə başa çatdırılmasını gözlədiklərini bildirirlər. Hazırda aparılan yol-təmir işlərinin nə vaxt yekunlaşdırılması planlaşdırılır? Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat katibi Anar Nəcəfli bildirib ki, təmir işləri şəhərdə məktəb və universitetlərin, həmçinin insanların böyük hissəsinin tətildə olduğu, hərəkət intensivliyinin nisbətən azaldığı dövrdə həyata keçirilir: “Bu işlər yalnız həftəsonu və ya sutkanın gecə saatlarında icrası mümkün olan lokal təmir prosesləri deyil. Hazırda ərazilərdə irimiqyaslı və kompleks təmir işləri aparılır. İşlər əvvəlcədən hazırlanmış qrafikə uyğun, digər aidiyyəti qurumlarla koordinasiyalı şəkildə həyata keçirilir. Bəzi ərazilərdə kommunikasiya xətlərinin yenilənməsi zərurəti yarandığından prosesin müddəti uzana bilər. Lakin bütün işlər nəzarət altında saxlanılır və müəyyən olunmuş qrafikə uyğun icra edilir. Əsas məqsəd şəhər sakinləri üçün daha rahat, təhlükəsiz və keyfiyyətli gediş-gəliş imkanlarının təmin olunmasıdır”. Geri qayıt |