Əsas Səhifə > Güney Press > "DÇ-2026: Futbol turniri dəyişən dünyanın güzgüsünə çevrildi"
"DÇ-2026: Futbol turniri dəyişən dünyanın güzgüsünə çevrildi"Bu gün, 11:23 |
|
İspaniyanın çempionluğu ilə başa çatan mundial idmanla yanaşı, siyasi və sosial mövzularla da yadda qaldı 2026-cı il dünya çempionatında İspaniya finalda Argentinanı 1:0 hesabı ilə məğlub edərək çempion oldu. Tarixdə ən çox komandanın iştirak etdiyi mundial yalnız futbol yox, həm də siyasi qərarlar, miqrasiya problemləri və cəmiyyətlə bağlı müzakirələrlə diqqət çəkdi. Moderator.az xəbər verir ki, bu barədə "Novaya qazeta Yevropa" nəşri yazıb. Vizalar, siyasət və gözlənilməz qəhrəmanlar Turnirin ən çox müzakirə olunan mövzularından biri viza problemləri oldu. ABŞ-la İran arasında gərginlik səbəbindən İran millisi ABŞ-də deyil, Meksikada məskunlaşdı və oyunlar üçün sərhədi keçərək ABŞ-yə gedirdi. Oxşar problemlərlə İraq, Mərakeş və digər ölkələrin nümayəndələri də üzləşdi. Turnirin ən böyük sürprizi isə ilk dəfə mundiala vəsiqə qazanan Kabo-Verde millisi oldu. Komanda 1/8 finala yüksəldi, 39 yaşlı qapıçı Vozinya isə uğurlu oyunu ilə mundialın ən məşhur simalarından birinə çevrildi. Qlobal futbol və qalmaqallar Mundial bir daha göstərdi ki, milli komandalar getdikcə daha beynəlxalq xarakter alır. Turnirdə iştirak edən 48 komandadan yalnız səkkizinin heyəti tamamilə həmin ölkədə doğulan futbolçulardan ibarət idi. Turnirin ən böyük qalmaqallarından biri ABŞ millisinin futbolçusu Folarin Baloqunun qırmızı vərəqədən sonra cəzasının dayandırılması oldu. "The Wall Street Journal" yazıb ki, ABŞ prezidenti Donald Tramp bu məsələ ilə bağlı FIFA prezidenti Canni İnfantino ilə danışıb. Bu qərar futbol ictimaiyyətində ciddi narazılıq yaradıb. Mundialda qadın hakimlər də yenidən kişilərin oyunlarını idarə etdilər və onların fəaliyyəti ümumilikdə müsbət qiymətləndirildi. Kədərli hadisələr və nostalji ab-havası Cənubi Afrika millisinin dünya çempionatındakı çıxışı başa çatdıqdan cəmi bir neçə gün sonra komandanın 25 yaşlı yarımmüdafiəçisi Ceyden Adamsın vəfat etdiyi məlum oldu. Cənubi Afrika KİV-i istintaqın depressiya fonunda intihar ehtimalını araşdırdığını yazsa da, polis araşdırmanın davam etdiyini və yekun nəticə çıxarmağın hələ tez olduğunu bildirib. Bu hadisə peşəkar idmanda psixi sağlamlıq problemini yenidən gündəmə gətirib. Turnirin vizual siması isə nostalji oldu. "Adidas", "Nike" və "Puma" 1990-cı illərin üslubunda formalar təqdim etdilər. Mundialın rəsmi mahnısını isə 2010-cu ildəki "Waka Waka"dan sonra yenidən Şakira ifa etdi. Bu da DÇ-2026-nın keçmişlə bu günü birləşdirən simvollarından biri kimi qiymətləndirildi. Geri qayıt |