|
Tanınmış hüquqşünas Fərhad Mehdiyev bir müddət öncə motosikel qəzasında həyatını itirmiş qızı Zəhra ilə bağlı ürəkdağlayan paylaşım edib.
Modern.az xəbər verir ki, hüquqşünas əslində bununla övladlarını itirmiş bütün valideynlərin yaşadığı hissi ifadə edib.
F. Mehdiyev yazıb ki, övladını itirmiş hər bir valideyn əzab və həstət hissi ilə bərabər həm də ağır və həlli çətin bir sualla qarşılaşır - bundan sonra həyatına hansı məqsədlə və necə davam edəcəyi haqqında.
Çünki itkinin ağırlığı əvvəldən olan digər bütün məqsədləri, əyləncələri, nailiyyətləri ləğv edir. Böyük bir zəhmət, əmək hədər olur. Belə bir həyatda yaşamaq üçün heç bir stimul da qalmır.
Digər tərəfdən itkini qəbul etmək, onunla barışmaq da olmur. Övladın olmadığını qəbul edə bilmirsən və inkar etməkdə dirənirsən; varoluşla bağlı suallar soruşursan. Gündə bir neçə dəfə kafir olub, talehi inkar edirsən, sonra Allahdan cavab gözləyirsən.
Həyat xoşbəxt olmaq üçün yaşanır. Belə hallarda isə xoşbəxt olmaq üçün deyil, məcbur olduğun üçün yaşamalı olursan. Doymadığın övladına verə bilmədiyin sevgi bu səfər səni içəridən bir nizə kimi deşib keçdiyini hiss edə bilirsən.
Sonra anlayırsan ki, artıq övladın özünü ifadə edə bilmir, "mən varam" deyə bilmir, özü addımlaya bilmir və o bəbəş olduğu vaxtlarda necə ki, sən hər şeyi onun yerinə edirdin, - qərar verirsən ki onun izinin bu dünyadan silinməsinə imkan verməyəcəksən, onun danışan dili, onun xəyallarının icraçısı sən olmalısan. Valideyn olmağın çətinliyi və məsuliyyəti məhz budur.
Mən anlayıram ki bu yazını oxuyanların əksəri bu ağrını hiss etmir, amma bəlkə öz övladlarına başqa cür baxa bilər, onlara başqa cür toxuna bilər, onlara öz sevgilərini başqa cür dilə gətirə bilərlər. Məsələn övladınızın yanağından tutub bir 50 dəfə öpə bilərlərsiniz, lap o çağa olduğu illərdə öpdüyünüz kimi. Buraxın ilk dəfəsində o bunu gülməklə ya da təəcüblə qarşılasın, amma elə edin ki zamanla bu sizin övladınızın gözləntisi olsun - "valideynim məni bu axşam niyə sadəcə bir dəfə öpdü?"
Bu gün o imtahana girməli idi, daha böyük səhnələrdə oynamalı idi. Onun yerinə isə imtahana çəkilən bu gün mənəm, və bu imtahanı uğurla keçdiyimi deyə bilmirəm; oynadığım səhnə isə sonsuz bir dramanı yada salacaq. Zəhra haqqında hər gün paylaşmağımın, yazmağımın səbəbi odur ki, gedişini və yoxluğunu qəbul edə bilmirəm. "O burdadır" demək istəyirəm.
Artıq öz həyatını deyil, onun həyatını yaşamağa məcbur olursan. Çünki özünü artıq onsuz düşünə bilmirsən.
Geri qayıt
|