Əsas Səhifə > Güney Press > Polşanın sərhəddə atdığı yeni addım nədən xəbər verir?
Polşanın sərhəddə atdığı yeni addım nədən xəbər verir?Dünən, 18:06 |
|
NATO-nun ən böyük ordularından birinə malik olan Polşa Rusiya və Belarusla həmsərhəd ərazilərdə təhlükəsizliyi gücləndirmək məqsədilə yeni hərbi birlik yaradacağını açıqlayıb. "Sərhəd Mühafizə Komponenti" adlandırılan bu qüvvənin hibrid təhdidlərə, qeyri-qanuni miqrasiyaya və pilotsuz uçuş aparatları ilə həyata keçirilə biləcək hücumlara qarşı fəaliyyət göstərəcəyi bildirilir. Rəsmi açıqlamaya görə, yeni hərbi birliyin yaradılması həm Polşanın milli təhlükəsizliyinin möhkəmləndirilməsinə, həm də NATO-nun şərq cinahının müdafiə imkanlarının gücləndirilməsinə hesablanıb. Bu qərarın Avropanın təhlükəsizlik mühitinə və regiondakı hərbi-siyasi vəziyyətə mümkün təsirləri maraq doğurur. Maraqlıdır, Polşanın Rusiya və Belarus sərhədində yeni hərbi birlik yaratmaq qərarı NATO-nun şərq cinahında təhlükəsizlik strategiyasının daha da sərtləşdiyini göstərir? Bu addım regionda təhlükəsizliyin möhkəmlənməsinə xidmət edəcək, yoxsa Rusiya ilə Qərb arasında gərginliyi daha da artıracaq? Mövzu ilə bağlı Moderator.az-a ehtiyatda olan polkovnik, hərbi ekspert Üzeyir Cəfərov açıqlama verib. Polkovnik qeyd edib ki, Polşanın Rusiya-Belarus sərhədində yeni hərbi birlik yaratmaq qərarı, əlbəttə ki, həmin regionda müşahidə olunan gərginlikdən irəli gəlir: "Çünki həm Rusiya, həm də Belarus Polşa üçün təhlükə mənbəyidir. Polşanı nəzərdə tutduqda, əslində, NATO-nun şərq cinahından söhbət gedir. Bu isə NATO-nun şərq cinahında mövcud problemlərin göstəricisidir. Məhz buna görə Polşa həmin istiqamətdə yeni hərbi birlik yaradır və bu birlik ən müasir silah-sursatla təchiz olunacaq. Ümumiyyətlə, son vaxtlar Polşanın adı tez-tez hallanır və Rusiyanın növbəti hədəflərindən birinin Polşa ola biləcəyi barədə fikirlər səsləndirilir. Mən bunu real hesab etmirəm. Lakin Rusiya rəhbərliyi öz siyasətinə müəyyən mənada bəraət qazandırmaq üçün belə bir addım atmağa cəhd göstərə bilər. Bu baxımdan hesab edirəm ki, Polşanın atdığı addım özünümüdafiə məqsədi daşıyır və məcburi xarakterlidir. Əlbəttə, NATO-nun təhlükəsizlik strategiyası artıq daha da sərtləşdirilib. Çünki Rusiya, eləcə də onun müttəfiqləri tərəfindən NATO-ya qarşı açıq təhdidlər mövcuddur. Eyni zamanda Polşa da mövcud reallığı düzgün qiymətləndirir. Rusiya ilə Qərb arasında gərginlik onsuz da pik həddə çatıb. Qarşılıqlı ittihamlar, təhdidlər və etimadsızlıq bunu açıq şəkildə göstərir. Rusiya düşdüyü iqtisadi, siyasi və hərbi-texniki çətinliklər fonunda baş verən proseslərə görə Qərbi günahlandırmağa çalışır. Baş verən hadisələrdə təkcə Ukraynanı deyil, bütövlükdə Qərbi məsul tərəf kimi təqdim edir. Bu vəziyyət hələ uzun illər davam edəcək". Hərbi ekspert vurğulayıb ki, əvvəllər tərəflər arasında soyuq müharibə mövcud idi, indi isə bu qarşıdurma yeni mərhələyə keçib: "Hazırkı mərhələdə tərəflər bir-birini hədələyir, hətta bir-birinə qarşı hərbi gücdən istifadə edə biləcəklərini də açıq şəkildə dilə gətirirlər. Bu isə istənilən an qarşıdurmanın daha təhlükəli mərhələyə keçməsinə səbəb ola bilər. Polşa Ukraynaya həm maddi, həm mənəvi dəstək verir. Bununla yanaşı, Polşa ərazisi vasitəsilə NATO-nun logistika imkanlarından istifadə olunaraq Ukrayna Silahlı Qüvvələrinə zəruri vasitələr çatdırılır. Məhz buna görə də Rusiya bundan ciddi narahatdır və bu məsələ zaman-zaman gündəmə gətirilir. Düzdür, son vaxtlar Polşa rəhbərliyinin Ukrayna rəhbərliyini bəzi addımlara görə tənqid etməsi, eləcə də Volodimir Zelenskinin bəzi orden və medallardan məhrum edilməsi tərəflər arasında müəyyən gərginlik yaratmışdı. Rusiya da informasiya müstəvisində bundan istifadə edərək Polşa ilə Ukrayna arasında münasibətləri daha da gərginləşdirməyə çalışdı. Lakin artıq əvvəlki gərginlik müşahidə olunmur. Bununla belə, Polşa Rusiyanın əsas müttəfiqi olan Belarusla bağlı müəyyən narahatlıqlarını da nəzərə alır. Polşanın son addımları onu deməyə əsas verir ki, Ukrayna ilə münasibətlərdə yaranmış gərginlik artıq aradan qalxıb. Tərəflər bu gün dünyada əsas təhlükəsizlik problemlərindən biri hesab olunan Rusiya faktorunu nəzərə alaraq fəaliyyətlərini koordinasiya etmək qərarına gəliblər. Hesab edirəm ki, əvvəlki gərginlik artıq aradan qalxıb və bundan sonra da təkrarlanmayacaq. Ən azı tərəflər bunu anlayır və qarşılıqlı maraqları qorumaq üçün zəruri addımları atmaqda qərarlıdırlar". Geri qayıt |