Əsas Səhifə > Güney Press / Ana xəbər > Ermənistan üçün YENİ bazar

Ermənistan üçün YENİ bazar


Dünən, 14:01

“Balıq və balıq məhsullarının Avropa Birliyi ölkələrinə ixracı proseduru tam başa çatıb və Ermənistan istehsalçıları praktiki çatdırılma prosesinə başlaya bilərlər”. Bunu Ermənistan Qida Təhlükəsizliyi Müfəttişliyinin rəisi Tiqran Petrosyan deyib. Onun sözlərinə görə, hökumət artıq müvafiq proseduru və nəzarət yoxlama vərəqlərini təsdiqləyib:

“Bunun əsasında müfəttişlər təsərrüfatların Avropa TRACES elektron sistemində qeydiyyata alınması üçün yoxlamalar aparacaqlar”. (red: TRAde Control and Expert System-Avropa İttifaqının canlı heyvanlar, heyvan mənşəli məhsullar, qida və bitki idxalı üçün nəzərdə tutulmuş çoxtərəfli təhlükəsizlik və sertifikatlaşdırma elektron sistemidir)

Qeyd edək ki, Rusiya Ermənistana təzyiq məqsədi ilə bir çox məhsulun bu ölkədən idxalına qadağa qoyub. Əvəzində Avropa Birliyi Ermənistana məhsullarını Avropa bazarına çıxarmaq imkanı tanıyıb və maliyyə yardımına başlayıb.

Deputat Vüqar Bayramov Musavat.com-a xatırladıb ki, Rusiya Ermənistanda istehsal oluna bir sıra məhsulların ixracatına məhdudiyyətlər tətbiq etdikdən sonra Avropa İttifaqı bu istiqamətdə İrəvana dəstək olacağını bəyan etmişdi.

Deputat vurğulayıb ki, Avropa dünyanın böyük bazarıdır: “Hazırda Avropada istehlakçıların sayı 450 milyon nəfərdən çoxdur, alıcılıq qabiliyyəti də yüksəkdir. Bu da Avropa bazarını bütün dövlətlər üçün cəlbedici edir. Məsələnin digər tərəfi ondan ibarətdir ki, Avropa İttifaqı bazarına daxil olmaq üçün standartlara, xüsusilə Aİ-nin müəyyənləşdirdiyi qida standartlarına uyğun məhsulların istehsal edilməsi və ixrac edilməsinə ehtiyac var. Ermənistan Ümumdünya Ticarət Təşkilatının üzvüdür. Ancaq ixracla bağlı standartlar, xüsusilə keyfiyyət və qida standartları Aİ tərəfindən xüsusi müəyyənləşdirilir. Ermənistanın heç də bütün məhsulları Aİ standartlarına uyğun istehsal edilmir, paketləşdirilmir, yaxud daşınmır. Bu da Ermənistan iş adamlarına Avropa Birliyi bazarlarına girmək baxımından çətinlik yarada bilər”.

Digər tərəfdən, deputatın sözlərinə görə, Avropa bazarında rəqabət çox güclüdür: “Ermənistan əsasən qida məhsulları istehsal edir. Bu baxımdan rəqabət mühitində bazara daxil olmaq və satış üçün şərtlər mövcuddur. Ümumiyyətlə, nəinki Ermənistanın, Cənubi Qafqaz ölkələrinin ixracatı şaxələndirilməsi çox vacibdir. Təbii ki, perspektiv olaraq, Aİ bazarının Cənubi Qafqaz ölkələri üçün şaxələndirmə baxımından əsas istiqamətlərdən biri olacağı gözlənilir. Sözsüz ki, bu, mərhələli prosesdir çünki standartların tətbiqi üçün zaman lazımdır. Bütün bunlarla yanaşı, Aİ-ə daha çox məhsul ixrac etmək dayanıqlı gəlir əldə etmək deməkdir”.

Musavat.com


Geri qayıt