|

Şəki Apellyasiya Məhkəməsində talama məqsədi olmadan qanunsuz olaraq avtomobil və ya başqa nəqliyyat vasitəsi ələ keçirmədə təqsirləndirilən Əsəd Əkbərovun (adı, soyadı şərtidir) barəsindəki hökmdən dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protesti üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim İmanverdi Şükürovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, apellyasiya protesti təmin edilməyib.
İttihama görə, hadisə 2025-ci ildə gecə saat 01 radələrində Mingəçevir şəhərində baş verib.
Belə ki, Əsəd Əkbərov yaşayış binasının qarşısında tanışı ilə söhbət edərkən zərərçəkmiş F.F.-in (adı, soyadı şərtidir) dostuna avtomobili idarə edib geri qaytarmasını, daha sonra isə açarı binanın ikinci girişində yerləşən su sayğacının qutusunda gizlətməsini tapşırdığını eşidib.
Həmin an təqsirləndirilən şəxsdə avtomobili qanunsuz olaraq ələ keçirmək niyyəti yaranıb. Bir qədər sonra zərərçəkmişin dostu BMW markalı avtomobili binanın qarşısında saxlayaraq açarı əvvəlcədən razılaşdırıldığı kimi su sayğacının qutusunda gizlədib.
Bundan istifadə edən Əsəd F.F.-in və avtomobili gətirən şəxsin xəbəri olmadan gizlədilən açarı götürərək maşının qapısını açıb, sükan arxasına əyləşib və mühərriki işə salıb. O, avtomobili əvvəlcə bir neçə metr idarə etdikdən sonra yaxınlıqda olan tanışını da maşına dəvət edib.
Cinayət işi üzrə məlum olub ki, tanışı əvvəlcə onun bu hərəkətinə etiraz edərək avtomobilə minmək istəməyib və maşını yerində saxlamağı tələb edib. Lakin təqsirləndirilən şəxs israr etdikdən sonra həmin şəxs sağ ön oturacaqda əyləşib və onlar şəhər ərazisində hərəkət etməyə başlayıblar.
Əsəd avtomobili talamaq məqsədi güdmədən qanunsuz olaraq ələ keçirərək Mingəçevir şəhərinin müxtəlif küçələrində idarə edib.
Lakin bir müddət sonra Heydər Əliyev prospekti istiqamətində hərəkətdə olarkən yol hərəkəti qaydalarını kobud şəkildə pozub. Qarlı hava şəraitinə baxmayaraq, o, qarşısında eyni istiqamətdə hərəkət edən avtomobili ötməyə cəhd edib. Bu zaman sürücü idarəetməni itirib, avtomobil əks hərəkət zolağına çıxaraq yol kənarındakı parkın ərazisinə daxil olub və ağaca çırpılıb. Qəza nəticəsində BMW markalı avtomobil ciddi zədələnərək yararsız vəziyyətə düşüb. Ekspertiza ilə müəyyən edilib ki, hadisə nəticəsində avtomobil sahibinə 10 314 manat məbləğində, yəni xeyli miqdarda maddi ziyan dəyib.
Mingəçevir Şəhər Məhkəməsinin hökmü ilə Mingəçevir Şəhər Məhkəməsində 1 il 5 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.
Geri qayıt
|