Əsas Səhifə > Güney Press > Evdən dişədək kredit:
Evdən dişədək kredit:Bu gün, 12:48 |
|
Azərbaycanda son illərdə kreditlə alış-verişə maraq nəzərəçarpacaq dərəcədə artıb. Xüsusilə klinikalarda bütün növ stomotoloji xidmətlər, mobil telefon və avtomobil kimi yüksək məbləğ tələb edən məhsulların böyük hissəsi kredit hesabına başa gəlir. Mütəxəssislər bunu həm istehlak tələbinin artması, həm də bankların və maliyyə təşkilatlarının təqdim etdiyi kredit imkanlarının genişlənməsi ilə əlaqələndirirlər. Digər tərəfdən, bu tendensiyanın əhalinin alıcılıq qabiliyyəti, maliyyə vəziyyəti və gələcəkdə yarana biləcək borclanma riskləri ilə bağlı suallar doğurur. Bəs kreditlə alış-verişin artması gələcəkdə hansı riskləri yarada bilər? Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı-ekspert Akif Nasirli “Cebheinfo.az”-a bildirib ki, kreditlə stomatoloji klinikada müasir diş müalicələri, eləcə də telefon və avtomobil almağa marağın artmasının bir neçə əsas səbəbi var. “Birincisi, rəqəmsal skorinq sistemlərinin inkişafı sayəsində banklar istehlak kreditlərini bir neçə dəqiqə ərzində rəsmiləşdirə bilir, bu da kredit almağı çox sadə və əlçatan edib. İkincisi, əməkhaqqılar bahalaşan mal və xidmətlərin qiymətini tam qarşılamadığı üçün insanlar bahalı məhsulları birdəfəlik ödəmək əvəzinə hissə-hissə almağa üstünlük verirlər. Üçüncüsü, istehlak mədəniyyəti dəyişib, insanların rifah gözləntisi artıb, daha rahat və müasir yaşamaq istəyi güclənib, sosial mediada görünən istehlak nümunələri də bu tələbatı stimullaşdırır. Bundan əlavə, BOKT-ların (bank olmayan kredit təşkilatları) və "əvvəl al, sonra ödə" tipli xidmətlərin genişlənməsi kredit almağı demək olar ki, maneəsiz edib. Bu tendensiya əhalinin real alıcılıq qabiliyyətinin zəiflədiyinə işarə edir. Əgər insanlar gündəlik və ya orta səviyyəli ehtiyaclarını (telefon, avtomobil və s.) nağd pulla deyil, kreditlə ödəməyə məcbur qalırsa, bu, gəlirlərin qiymət artımı ilə ayaqlaşmadığını göstərir. Mərkəzi Bankın məlumatına görə, artıq ev təsərrüfatlarına verilən kreditlərin həcmi milyardlarla manatı keçib və bu artım əsasən istehlak kreditləri hesabına baş verir, biznes kreditlərindən qat-qat çoxdur. Bu da onu göstərir ki, əhali gəlir yaratmaq üçün deyil, gündəlik istehlakı davam etdirmək üçün borclanır. Bu, sağlam iqtisadi böyümədən çox maliyyə gərginliyinin əlaməti sayıla bilər. Gələcək risklər həm vətəndaşlar, həm də bank sektoru üçün ciddidir. Vətəndaşlar üçün əsas risk borc yükünün gəlir artımını üstələməsidir. Bu zaman ailələrin gəlirinin böyük hissəsi kredit ödənişlərinə gedir, bu da digər zəruri xərcləri məhdudlaşdırır və maliyyə sabitliyini pozur. İş yerinin itirilməsi və ya gəlirin azalması kimi hallarda bu, problemli kreditlərin artmasına səbəb olur. Bank sektoru üçün isə risk ondan ibarətdir ki, kredit portfeli getdikcə daha çox istehlak kreditlərinə yönəlir, bu da qısamüddətli mənfəət versə də, uzunmüddətdə portfelin keyfiyyətini zəiflədə bilər. Xüsusilə də BOKT-lar vasitəsilə verilən nəzarətsiz kreditlərdə”. Ekspert qeyd edib ki, kütləvi ödəməmə halları baş verərsə, bu, bank sisteminin sabitliyinə də mənfi təsir göstərə bilər, çünki real sektorun (biznesin) maliyyələşdirilməsi arxa planda qalır və iqtisadiyyatın məhsuldar hissəsi zəifləyir. Geri qayıt |