Əsas Səhifə > Güney Press > Bu film Azərbaycana

Bu film Azərbaycana


Bu gün, 12:31

Bir animasiya filmi təkcə kinoteatrlarda nümayiş olunan ekran əsəri deyil, həm də milyardlarla dollar gəlir gətirən böyük iqtisadi ekosistemə çevrilə bilər. Bunun ən parlaq nümunələrindən biri 31 il əvvəl ekranlara çıxan "Oyuncaqların hekayəsi" (Toy Story) franşizasıdır. Araşdırmalara görə, bu layihə indiyədək qlobal iqtisadiyyata 51 milyard dollar əlavə gəlir qazandırıb. Gəlirin əsas hissəsi oyuncaqların, geyimlərin, suvenirlərin satışı, əyləncə parkları, turizm və digər xidmət sahələri hesabına formalaşıb. Bu nümunə göstərir ki, uğurlu bir film təkcə mədəni hadisə deyil, həm də uzunmüddətli iqtisadi dəyər yaradan brendə çevrilə bilir.

Bəs Azərbaycanda da belə bir franşiza yaratmaq mümkündürmü? Yerli kino və animasiya sənayesi milli qəhrəmanları qlobal brendə çevirə bilərmi?

Kinorejissor, prodüser Tahir Tahiroviç mövzu ilə bağlı Musavat.com-a deyib ki, müasir kinoşünaslıq və yaradıcı sənaye nəzəriyyəsinə görə, XXI əsrdə filmin iqtisadi dəyəri artıq yalnız kassadakı gəlirlə ölçülmür:

"Uğurlu ekran əsəri zaman keçdikcə transmilli media məhsuluna və intellektual mülkiyyət aktivinə çevrilir. Henri Cenkinsin "transmedia storytelling" konsepsiyası və Devid Hesmondhalghın yaradıcı sənayelər haqqında tədqiqatları göstərir ki, kino məhsulunun davamlı iqtisadi səmərəsi onun müxtəlif media platformalarında, istehlak bazarlarında və xidmət sektorlarında yenidən istehsal olunması ilə formalaşır. Bu baxımdan "Toy Story" təkcə animasiya filmi deyil, qlobal yaradıcı iqtisadiyyatın ən uğurlu intellektual mülkiyyət modellərindən biridir".

Kinorejissor qeyd edib ki, filmin ətrafında qurulan ekosistem – oyuncaqların istehsalı, geyim sənayesi, nəşriyyat məhsulları, video oyunlar, rəqəmsal platformalar, tematik əyləncə parkları və turizm xidmətləri – onun iqtisadi dəyərini dəfələrlə artırıb. Bu model göstərir ki, kino artıq təkbaşına fəaliyyət göstərən sənət növü deyil, müxtəlif iqtisadi sektorları birləşdirən kompleks yaradıcı sənaye platformasıdır.

Azərbaycan üçün də belə bir model tamamilə real görünür. Ölkəmiz zəngin mifoloji irsə, folklora, dastanlara və milli qəhrəmanlar sisteminə malikdir. "Kitabi-Dədə Qorqud", "Koroğlu", "Cırtdan", "Məlikməmməd", "Simurq", müxtəlif nağıl və əfsanə personajları müasir animasiya dramaturgiyası və vizual texnologiyalar vasitəsilə yenidən interpretasiya edilərsə, onların regional deyil, beynəlxalq auditoriya üçün də cəlbedici brendlərə çevrilməsi mümkündür".

Müsahibimiz deyib ki, lakin burada əsas məsələ filmin çəkilməsi deyil, franşiza düşüncəsinin istehsalın ilk mərhələsindən tətbiq olunmasıdır:

"Dünya təcrübəsində uğurlu layihələr əvvəlcə intellektual mülkiyyət kimi planlaşdırılır, daha sonra isə onun lisenziyalaşdırılması, müəllif hüquqlarının qorunması, məhsul dizaynı, marketinq strategiyası və beynəlxalq distribüsiya mexanizmləri qurulur. Yəni film bu zəncirin yalnız ilk halqasıdır. Sənədli kino üzrə tədqiqatçı kimi hesab edirəm ki, Azərbaycan kinosunun gələcək inkişafı yalnız bədii keyfiyyətin yüksəldilməsi ilə məhdudlaşmamalıdır. Kino dövlətin mədəni diplomatiyasının, milli identikliyin və yaradıcı iqtisadiyyatın strateji alətinə çevrilməlidir. Milli personajların qlobal brendə transformasiyası ölkənin "yumşaq güc" (soft power) potensialını artırmaqla yanaşı, turizm, təhsil, nəşriyyat, oyuncaq istehsalı və rəqəmsal kontent bazarının inkişafına da ciddi töhfə verə bilər".

Tahir Tahiroviç onu da qeyd edib ki, Azərbaycanın məqsədi yalnız uğurlu bir animasiya filmi istehsal etmək deyil, uzunmüddətli iqtisadi dəyər yaradan milli intellektual mülkiyyət portfeli formalaşdırmaq olmalıdır. Məhz bu yanaşma milli kino sənayesini mədəni istehsaldan yaradıcı iqtisadiyyatın aparıcı sektorlarından birinə çevirə bilər.


Geri qayıt