Əsas Səhifə > Güney Press > Sələmə pul istədi, imtina aldı, mübahisə qanla bitdi

Sələmə pul istədi, imtina aldı, mübahisə qanla bitdi


Bu gün, 10:57

Gəncə Ağır Cinayətlər Məhkəməsində xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurmada və xuliqanlıqda təqsirləndirilən Vüsal İsrafilovun (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə iclası başa çatıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Bəhruz Müslümovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.


Məhkəmənin hökmü ilə Vüsal İsrafilov Cinayət Məcəlləsinin 126.1 və 221.3-cü maddələri ilə təqsirli bilinib və cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə ona 8 ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilib.


İttihama görə, hadisə 2024-cü ildə, saat 17 radələrində Gəncə şəhərində yerləşən avtoyuma məntəqəsinin yaxınlığında baş verib.


İstintaq materiallarına əsasən, təqsirləndirilən şəxs həmin əraziyə tanışı olan zərərçəkmiş Xəlil Əbdülovla (adı, soyadı şərtidir) görüşmək üçün gəlib.


Araşdırma zamanı müəyyən edilib ki, hadisədən bir gün əvvəl tərəflər arasında telefon danışığı zamanı şəxsi münasibətlər zəminində mübahisə yaranıb. Vüsal İsrafilov iddia edib ki, zərərçəkmiş şəxs onun ünvanına nalayiq ifadələr işlədib. Növbəti gün isə onlar üz-üzə gəliblər.


İstintaqın qənaətinə görə, təqsirləndirilən şəxs cəmiyyətdə qəbul olunmuş davranış qaydalarını qərəzli şəkildə pozaraq, ətrafdakı şəxslərə açıq hörmətsizlik nümayiş etdirib. O, üzərində gəzdirdiyi, istintaq zamanı növü dəqiq müəyyən edilə bilməyən bıçaqdan silah qismində istifadə edərək Xəlilə hücum edib.


Hadisə zamanı Vüsal zərərçəkmişə iki dəfə bıçaq zərbəsi endirib. Zərbələrdən biri qarın nahiyəsinə dəyərək daxilə nüfuz edib. Məhkəmə-tibbi ekspertizasının rəyinə əsasən, həmin zərbə nəticəsində zərərçəkmişin mədəsi və köndələn çənbər bağırsağı zədələnib. Ekspertiza bu xəsarəti həyat üçün təhlükəli olmaqla sağlamlığa ağır zərər vuran bədən xəsarəti kimi qiymətləndirib.


Digər bıçaq zərbəsi isə döş qəfəsinin arxa səthinə dəyib. Bu xəsarət daxilə keçməyən kəsilmiş yara olub və sağlamlığın qısa müddətə pozulmasına səbəb olduğundan yüngül bədən xəsarəti kimi qiymətləndirilib.


İttihama əsasən, təqsirləndirilən şəxsin hərəkətləri təkcə zərərçəkmişə ağır bədən xəsarəti yetirməklə məhdudlaşmayıb. İstintaq hesab edib ki, o, silah qismində istifadə olunan əşyadan istifadə etməklə ictimai qaydanı kobud şəkildə pozub, cəmiyyətə açıq hörmətsizlik nümayiş etdirib və bu səbəbdən onun əməli xuliqanlıq cinayəti kimi də qiymətləndirilib.


Qeyd: Zərərçəkmiş ifadəsində deyib ki, hadisəyə səbəb təqsirləndirilən şəxsin bibisi oğlundan sələmə pul istəyib. Həmin şəxs də ona pul verməyib. Sonradan söhbətə Vüsal qarışıb və nəticədə onu bıçaqlayıb.


Geri qayıt