Əsas Səhifə > Güney Press > “Ölünü siyasi məqsədlərlə saxlamaq İslamda qəbuledilməzdir”

“Ölünü siyasi məqsədlərlə saxlamaq İslamda qəbuledilməzdir”


Bu gün, 17:31

Din xadimləri vəfat edən şəxsin mümkün qədər tez dəfn olunmasını tövsiyə etsə də, son dövrlər bu məsələnin istisnaları ətrafında müzakirələr genişlənib.

Xüsusilə xaricdə yaşayan yaxınların mərhumla son dəfə vidalaşa bilməsi üçün dəfnin müəyyən müddət təxirə salınmasının dini baxımdan nə dərəcədə məqbul olduğu barədə müxtəlif fikirlər səsləndirilir. Meyitin xüsusi şəraitdə saxlanılması və bəzi ölkələrdə dəfn mərasimlərinin günlərlə, hətta həftələrlə gecikdirilməsi nümunələri də bu müzakirələri daha da aktuallaşdırıb.

Professor Fərhad Mehdiyev bu məsələyə münasibət bildirərək qeyd edib: “Azərbaycandakı bəzi mollalara demək istəyirəm ki, İranın ali dini lideri vəfat etdikdən 90 gün sonra torpağa tapşırılıb. Əgər insanın öldüyü gün və ya ertəsi gün dəfn edilməsi mütləq vacibat olsaydı, bu qayda onun üçün də tətbiq edilərdi. Bundan sonra heç olmasa ailələrə imkan verilsin ki, yaxınları ilə son dəfə vidalaşa bilsinlər. Müasir texnologiyalar və xüsusi saxlanma şəraiti buna imkan yaradır. Məsələn, kondisionerli otaqda meyit təxminən 48 saatdan sonra dəyişiklik göstərməyə başlayır, 2-4 dərəcə temperaturda isə bir həftəyə qədər saxlanıla bilər. Balzamlama proseduru tətbiq edildikdə isə mərhumun daha uzun müddət qorunması mümkündür.

Bu, xaricdə yaşayan qardaşın, bacının, övladın və ya digər yaxınların gəlib mərhumla son dəfə vidalaşmasına şərait yaradar. Çünki dəfn mərasimi başa çatdıqdan sonra ailənin yaşadığı mənəvi ağrı və həsrət bitmir, onlar bu acını ömür boyu daşıyırlar. Allah hamımıza daha çox vicdan və mərhəmət nəsib etsin”.

İlahiyyatçı Tural İrfan Sherg.az-a bildirib ki, İslam dininə görə zərurət olmadığı təqdirdə ölünün dəfnini gecikdirmək uyğun görülmür. Lakin məhkəmə - tibbi ekspertizası və digər zəruri hallar tələb etdikdə meyitə hörmətsizlik edilmədən müəyyən zaman kəsiyində dəfni ləngitmək olar.

T. İrfan qeyd edib ki, uzaqda yaşayan qohumun gəlib dəfnə çatması zəruri hal deyil:

"Qohum gəlib ölünü dirildə bilməz. Bu, sadəcə emisonal, psixoloji yanaşmadır. İslam isə bu kimi məsələlərdə praqmatik, rasional hüquqi əsaslara söykənir. Ölüm İslamda faciə kimi yox, sadəcə həyatın dəyişməsi kimi qəbul olunur. Günahı çox olanların ölümü müəyyən mənada faciə hesab oluna bilər ki, bir az da yaşasa bəlkə tövbə edə, günahlarını yuya bilərdi. Həzrət Muhəmməd Peyğəmbərin vəfatı zamanı çoxsaylı səhabələr ona cənazə namazı qılıb vidalaşmaları üçün 2 gün dəfn ləngiyib. Lakin uzaqdan hamının gəlməsini gözləməyiblər. Bu, təkcə o dövrün tibbi tədbirlərinin məhdud olması ilə bağlı deyil. Müasir zamanda isə meyiti saxlamaq üçün zəruri tibbi vasitələr, dərmanlar olduğuna görə zəruri tədbirlər zamanı çox da uzun olmadan saxlamaq, gecikdirmək olar. Amma bu səbəb vacib və dinə uyğun səbəb olmalıdır".

İlahiyyatçının sözlərinə görə, İranın keçmiş siyasi liderini bir neçə ay dəfn edilməməsi dini zərurət yox, siyasi xarakter daşıyırdı:

"İslam bunun əleyhinədir. Dəfn prosesi insanın mənsub olduğu dinin tələb və qaydalarına uyğun həyata keçirilməlidir. Arzu və istəklərə, şəxsi rəylərə görə deyil. Yoxsa hər kəs ölüsünü soyuducuya qoyub istənilən müddətə qədər saxlaya bilməz. İranın liderinin dəfninin 90 gün ləngidilməsi müsəlmanlar üçün örnək ola bilməz. İslamın peyğəmbəri Xamenei yox, Həzrət Muhəmməd olub. Onu da 2 gündən yaxud gün yarımdan sonra sadə şəkildə dəfn ediblər. İran Quran deyil. Ayətullah da Allah deyil. Onların İslamı təhrif edərək öz siyasi ambisiyalarına uyğunlaşdırması, siyasətə alət etməsi bizə nümunə ola bilməz. Əhli Beytin üzvləri, səhabələr də ölüləri dərhal dəfn ediblər. Ölünü siyasi tədbir naminə yaxud kiminsə şəxsi arzusuna görə saxlamaq, dəfni gecikdirmək zəruri səbəb olmadan böyük qəbahətdir və dində məqbul hesab olunmur".


Geri qayıt