Əsas Səhifə > Güney Press > Bakıda 582 min manatlıq zeytun bağını yandıran şəxsə

Bakıda 582 min manatlıq zeytun bağını yandıran şəxsə


Bu gün, 11:46

Bakı Apellyasiya Məhkəməsində əmlakı qəsdən məhv etmə və ya zədələmədə təqsirləndirilən Pənah Fərəcovun (adı, soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Zəfər Əhmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.


Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.


İttihama görə, hadisə 2025-ci ildə Bakı şəhərinin Suraxanı rayonu, Binə qəsəbəsində, Donuzkökəltmə Sovxozunun ərazisində yerləşən zeytun bağında baş verib.


Belə ki, Pənah Fərəcov hasarı aşaraq zərərçəkmiş D.D.-nin (adı, soyadı şərtidir) icarə əsasında istifadə etdiyi, meşə fonduna daxil olmayan və ümumi sahəsi 20 hektar olan zeytun bağına qanunsuz daxil olub. O, bağın ərazisində olan quru otları bir yerə toplayaraq özü ilə gətirdiyi alışqan vasitəsilə qəsdən yandırıb. Daha sonra təqsirləndirilən şəxs alovun küləkli hava şəraitində bağ boyunca yayılmasını və yaxınlıqda əkilmiş zeytun ağaclarını bürüməsini izləyib.


İstintaq zamanı müəyyən olunub ki, yanğın nəticəsində bir-birindən təxminən 4-5 metr məsafədə əkilmiş, artıq məhsul verən 7 illik zeytun ağacları və tinglər ciddi zərər görüb.


Ümumilikdə bağda olan 5 092 ədəd zeytun ağacı və tingindən 4 154-ü tamamilə yanaraq məhv olub. Nəticədə bağ sahibinə 582 520 manat məbləğində, yəni xüsusilə külli miqdarda maddi ziyan dəyib.


Toplanmış sübutlar əsasında Bakı Ağır Cinayətlər Məhkəməsi təqsirləndirilən şəxsi Cinayət Məcəlləsinin 186.3-cü (xüsusilə külli miqdarda ziyan vurmaqla özgənin əmlakını qəsdən məhv etmə) maddəsi ilə təqsirli bilib. Məhkəmənin hökmü ilə ona 7 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin olunub. Cəzanın ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən edilib.


Eyni zamanda məhkəmə təqsirləndirilən şəxsə qarşı Cinayət Məcəlləsinin 260.4-cü maddəsi ilə irəli sürülmüş ittihamı sübuta yetirilmədiyi üçün hökmün həmin hissəsindən çıxarıb.


Lakin hökm zərərçəkmiş D.D.-ni qane etməyib. Zərərçəkmiş apellyasiya şikayətində Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünün dəyişdirilməsini və təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 186.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş ən ağır cəzanın, yəni maksimum həddə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini xahiş edib.


Geri qayıt