Əsas Səhifə > Güney Press > 38 il əvvəl bu gün bir qəhrəman dünyaya göz açdı...
38 il əvvəl bu gün bir qəhrəman dünyaya göz açdı...Bu gün, 06:31 |
|
Bu gün qardaşım şəhid mayor Vüsal Vəliyevin doğum günüdür. Artıq altıncı dəfədir ki, doğum gününü Vüsalsız qarşılayırıq. Təqvimdə illər dəyişir, amma Vüsalın yoxluğunun ağırlığı nə azalır, nə də öyrəşilir.
Sən ömrünü Vətənə həsr etdin, Komutan! Bir an belə tərəddüd etmədən canını torpaqlarımızın azadlığı, şəhidlərimizin qisası, xalqın qüruru naminə fəda etdin. Elə buna görə də Sənin həyatın illərlə deyil, göstərdiyin şücaətlə, igidliklə ölçülür. Çünki qəhrəmanların ömrü qısa olsa da, adı əbədiyyətə yazılır.
Bu gün doğum günündə Sənə tort kəsilmir, şamlar yandırılmır. Bu gün Sənin adına dualar oxunur, qəlblərdə minnətdarlıq edilir, gözlərdə həm həsrət, həm də qürur yaşları var. Sən bir ailənin övladı olmaqla yanaşı, bütöv bir millətin, xalqın fəxrinə çevrildin.
Cəsur komandir, igid şəhid mayor Vüsal Vəliyev...
38 yaşın mübarək, qəhrəman!
Sənin adın azad səmanın altında dalğalanan üçrəngli bayrağımız qədər əziz, uğrunda can verdiyin Vətən qədər müqəddəsdir. Sən bu torpağa həyatını bəxş etdin ki, gələcək nəsillər azad nəfəs alsın.
Səni nə zaman, nə də məsafələr unutdura bilməz. Çünki şəhidlər torpağa yox, millətin qəlbinə əmanət olunur.
Ruhun şad olsun, igid komandir!
Sənin qəhrəmanlığın, adın və əziz xatirən daim yaşayacaq.
Doğum günün mübarəkdir, əziz şəhidim, dəyərli qardaşım!
... Sən doğulduğun gün bir övlad dünyaya gəldi, şəhid olduğun gün isə bir əfsanə doğuldu.
Elyar İslamoğlu
"DİA-AZ"
Geri qayıt |