Əsas Səhifə > Güney Press > Ursula fon der Lyayenin Bakı səfəri radikal müxalifəti əndişələndirib

Ursula fon der Lyayenin Bakı səfəri radikal müxalifəti əndişələndirib


Bu gün, 14:51

Son günlər daxili və xarici radikal dairələr Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayenin Bakıda Prezident İlham Əliyevlə görüşü zamanı "insan hüquqları" və "siyasi məhbus" nağıllarını gündəmə gətirməməsindən ciddi təşvişə düşüblər. Sevinc Mirzəyevanın “Osmanqızı” TV internet kanalı və AXCP sədri Kərimov Əlinin xarici ruporuna çevrilmiş Qənimət Zahidin “Azərbaycan saatı” xüsusi canfəşanlıq nümayiş etdirirlər. Azərbaycan ictimaiyyətinin gözündən düşmüş bəzi siyasətbazları efirə çıxararaq Azərbaycana və hakimiyyətə qarşı uğursuz qarayaxma kampaniyasını davam etdirməkdədirlər. Xaricdəki antimilli mərkəzlərdən qrant alan bu qüvvələr növbəti dəfə subyektiv arzularını real siyasət kimi qələmə verməyə çalışırlar.

Bəs real mənzərə necədir? Əvvəla, strateji maraqlar kontekstində müasir beynəlxalq münasibətlər radikalların manipulyasiyaları ilə deyil, dövlətlərin milli maraqları ilə idarə olunur. İndi hər kəs görür ki, Avropa İttifaqı Azərbaycanı Cənubi Qafqazın şəksiz lideri, qitənin enerji təhlükəsizliyinin əsas təminatçısı və etibarlı tərəfdaşı kimi qəbul edir. Ursula fon der Lyayenin Bakı səfəri də məhz strateji əməkdaşlıq üzərində qurulub.

İkincisi, Azərbaycan müstəqil dövlətdir. Ölkəmizdə qanunun aliliyi tam təmin olunub. Hər hansı cinayət törətmiş şəxslərin özlərini "siyasi məhbus" kimi qələmə verməsi hüquqi məsuliyyətdən yayınmaq cəhdindən başqa bir şey deyil. Rəsmi Bakı heç bir kənar gücün daxili işlərimizə qarışmasına və bizə diktə etməsinə icazə vermir.

Məsələyə digər bir rakursdan nəzər salsaq, əmin olarıq ki, Aİ rəhbərliyinin Bakıda nümayiş etdirdiyi praqmatik və hörmətə söykənən mövqe Prezident İlham Əliyevin yürütdüyü müstəqil, milli maraqlara əsaslanan siyasətin növbəti qələbəsidir. Qərb təsisatları artıq Azərbaycanla diktə ilə deyil, yalnız bərabərhüquqlu tərəfdaş kimi danışmağın mümkün olduğunu yaxşı anlayırlar. Ölkə rəhbərinin yeritdiyi xarici siyasət bir çox digər yeni müstəqil dövlətlərdən fərqli olaraq, son nəticədə qaşılıqlı münasibətlərin şaquli deyil, üfüqi istiqamətdə qurulmasını təmin edib.

Ona görə də radikal müxalifətin dövlətimizin beynəlxalq uğurlarına kölgə salmaq cəhdləri hər zaman olduğu kimi bu gün də iflasa uğrayır. Azərbaycan isə öz suveren yolu ilə inamla irəliləməkdədir.

Əli Hüseyni,

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri


Geri qayıt