Əsas Səhifə > Güney Press > Bir saat ərzində mağazadan əvvəl oğurluq etdi, sonra balta ilə qayıdıb taladı

Bir saat ərzində mağazadan əvvəl oğurluq etdi, sonra balta ilə qayıdıb taladı


Bu gün, 11:00

Sumqayıt Ağır Cinayətlər Məhkəməsində quldurluqda və oğurluqda təqsirləndirilən Elşən Ömərovun (soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Tariyel Quliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.


Məhkəmənin hökmü ilə o, 8 il 3 ay müddətə azadlıqdan məhrum edilib və məhkəmə iclas zalında həbsə alınıb.


İttihama görə, Elşən Ömərov eyni mağazaya qısa vaxt ərzində iki dəfə daxil olaraq əvvəlcə gizli oğurluq, daha sonra isə balta nümayiş etdirməklə quldurluq törədib.


Məhkəmə materiallarına əsasən, hadisələrin birincisi 2025-ci ilin oktyabr ayında səhər saat 06:10 radələrində Xaçmaz rayonunun Xudat şəhəri, M.F.Axundov küçəsində yerləşən mobil telefon mağazasında baş verib.


İstintaqla müəyyən olunub ki, təqsirləndirilən şəxs mağazanın qarşısına gələrək obyektdə heç kimin olmadığını dəqiqləşdirib. Daha sonra mağazanın yaxınlığından götürdüyü ağac parçası ilə plastik giriş qapısını sındıraraq içəri qanunsuz daxil olub. Elşən obyektdə olan dolabın siyirməsindən 100 manat nağd pul, eləcə də vitrindən ümumilikdə 1 180 manat dəyərində olan müxtəlif markalı mobil telefonları götürərək hadisə yerindən uzaqlaşıb.


İstintaq orqanı həmin epizodu binaya qanunsuz daxil olmaqla özgənin əmlakını gizli talama, yəni oğurluq kimi qiymətləndirib.

Cinayət işi materiallarından məlum olub ki, Elşən bununla kifayətlənməyib.


Belə ki, həmin gün saat 07:40 radələrində o, yenidən eyni mağazaya qayıdıb. Bu dəfə mağazanın açıq qalmış plastik qapısından içəri daxil olub. Həmin vaxt obyektdə onun qanunsuz hərəkətlərinin qarşısını almağa çalışan mağaza sahibinin atası və qardaşı ilə qarşılaşıb.


Təqsirləndirilən şəxs özü ilə gətirdiyi baltanı nümayiş etdirərək onlara mane olmamağı tələb edib.


Bundan sonra o, vitrində olan çoxsaylı mobil telefonları götürərək hadisə yerindən uzaqlaşıb.


Soyğunçuluq zamanı aparıldığı bildirilən mobil telefonlar bunlar olub:


Beləliklə, ikinci hadisə zamanı mağaza sahibinə məxsus ümumilikdə 2 890 manat dəyərində əmlak talanıb.


İttihama əsasən, Elşən bu əməli təkrar törətməklə, binaya qanunsuz daxil olub özgənin əmlakını açıq şəkildə ələ keçirməklə, həmçinin zor tətbiqi təhlükəsi yaratmaq üçün balta nümayiş etdirməklə quldurluq edib.


Məhkəmə baxışı zamanı Elşən Ömərov ona elan olunmuş ittiham üzrə özünü təqsirli bildiyini söyləyib. İfadəsində o, hadisə ilə bağlı ətraflı danışa bilmədiyini bildirərək, "Baş verənlərlə bağlı demək olar ki, heç nə xatırlamıram", – deyə qeyd edib.


Geri qayıt