Əsas Səhifə > Güney Press > 100 manatlıq taksi sifarişi quldurluqla nəticələndi, sürücünün maşını ələ keçirildi

100 manatlıq taksi sifarişi quldurluqla nəticələndi, sürücünün maşını ələ keçirildi


Bu gün, 10:07

Şirvan Apellyasiya Məhkəməsində quldurluqda təqsirləndirilən Əmrah Kərimovun (adı, soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Əli Əliyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.

İttihama görə, Əmrah Kərimov Cinayət Məcəlləsinin 181.2.4 və 181.2.5-ci maddələri ilə, yəni silah qismində istifadə edilən əşyadan istifadə etməklə və xeyli miqdarda əmlakı ələ keçirmə məqsədilə quldurluq törətməkdə təqsirli bilib.

İş materiallarına əsasən, hadisə 2025-ci ilin iyun ayında baş verib. Təqsirləndirilən şəxs Bakı şəhərində taksi fəaliyyəti ilə məşğul olan zərərçəkmiş Sadiq Nəbiyevə (adı, soyadı şərtidir) yaxınlaşaraq onu 100 manat müqabilində Şirvan şəhərinə aparmasını xahiş edib. Tərəflər razılaşdıqdan sonra zərərçəkmiş özünə məxsus "Opel Astra" markalı avtomobillə yola çıxıb.

Avtomobil Hacıqabul rayonunun Ağacanlı kəndi istiqamətində hərəkətdə olarkən təqsirləndirilən şəxs sənədinin guya maşının yük yerində qaldığını bildirib və sürücüdən nəqliyyat vasitəsini yolun kənarında saxlamasını istəyib.

Avtomobil dayandıqdan sonra Əmrah əvvəlcədən hazırladığı planı həyata keçirmək üçün Sadiqlə mübahisə yaratmağa başlayıb. Daha sonra qəfil hücum edərək ona fiziki zor tətbiq edib. Hadisə nəticəsində taksi sürücüsünün çənə və sol dirsək nahiyələrində sıyrıqlarla müşayiət olunan bədən xəsarətləri qeydə alınıb.

Bunun ardınca təqsirləndirilən şəxs əlində olan bıçağı çıxararaq Sadiqi öldürəcəyi və ya ağır xəsarət yetirəcəyi ilə hədələyib. O, silah qismində istifadə etdiyi bıçağın təsiri altında zərərçəkmişin müqavimət göstərməsinin qarşısını alaraq onun əmlakını ələ keçirib.

Belə ki, Əmrah Saiqə məxsus təxminən 13 000 manat dəyərində olan "Opel Astra" markalı avtomobili, 300 manat dəyərində "Redmi" markalı mobil telefonu, həmin telefonda istifadə olunan mobil nömrəni, 50 manat dəyərində "Nokia 8800" markalı mobil telefonu, ona aid mobil nömrəni, həmçinin avtomobilin açarlığında olan 150 manat nağd pulu götürərək hadisə yerindən uzaqlaşıb.

Cinayət nəticəsində zərərçəkmişə ümumilikdə 13 505 manat məbləğində maddi ziyan vurulduğu müəyyən edilib.

Məhkəmə araşdırması zamanı iş üzrə toplanmış sübutlar, zərərçəkmişin ifadəsi, ekspertiza rəyləri və digər materiallar qiymətləndirilərək təqsirləndirilən şəxsin quldurluq cinayətini törətməsi sübuta yetirilmiş hesab olunub.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Əmrah Kərimov 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib.


Geri qayıt