Əsas Səhifə > Güney Press > Müsəlman liderdən rezonans doğuran addım:
Müsəlman liderdən rezonans doğuran addım:Bu gün, 07:15 |
|
Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Əl Səudun ABŞ Prezidenti Donald Trampla telefon danışığı diqqət çəkib. Liderlər Səudiyyə Ərəbistanı ilə ABŞ arasında əməkdaşlığı və onun müxtəlif sahələrdə inkişaf etdirilməsi yollarını müzakirə edib, bir sıra regional və beynəlxalq məsələlər barədə fikir mübadiləsi aparıblar. Həmçinin ABŞ və İran arasında danışıqlar da daxil olmaqla, Yaxın Şərqdəki vəziyyətə xüsusi diqqət yetirilib. Telefon danışığı zamanı dəniz yollarının təhlükəsizliyinin təmin edilməsinin, qorunmasının və regional təhlükəsizlik və sabitliyin gücləndirilməsi səylərinin dəstəklənməsinin vacibliyini vurğulayıblar. Globalinfo.az-a danışan siyasi şərhçi Cavanşir Abbaslı deyib ki, Səudiyyə Ərəbistanı ilə ABŞ arasında münasibətlər uzun illərdir strateji xarakter daşıyır: “Bu yaxın əməkdaşlıq hətta zaman-zaman müsəlman dünyasında da ciddi narazılıq və müzakirələrə səbəb olub. Həmçinin bəzi vaxtlarda Səudiyyə Ərəbistanı boşuna Vaşinqtonun regiondakı ən yaxın tərəfdaşlarından, hətta “arxa bağçası” adlandırılan ölkələrdən biri kimi qələmə verilib. Düşünürəm ki, zəngin təbii sərvətlərə və böyük iqtisadi imkanlara malik bir dövlətin hər hansı supergüclə bu qədər asılı görüntü yaradan münasibətlər qurması doğru deyil. Xüsusilə də İran müharibəsi və digər müsəlman ölkələri ilə bağlı böhranlar zamanı Səudiyyə Ərəbistanının tutduğu mövqe İslam aləmində birmənalı qarşılanmayıb və ciddi tənqidlərə səbəb olub. Bunu xüsusi qeyd etmək lazımdır. Bu isə göstərir ki, proseslərin görünən tərəfi ilə yanaşı, pərdəarxasında da müxtəlif siyasi hesablamalar mövcuddur. Son günlər ABŞ-ın İrana qarşı hərbi əməliyyatları yenidən genişləndirməsi fonunda Vaşinqtonla Ər-Riyad arasında yüksək səviyyəli telefon danışığının baş tutması da diqqət çəkən məqamlardandır. Bu cür təmaslar regionda baş verən hadisələrin koordinasiyalı şəkildə izlənildiyini və İran məsələsinin əsas müzakirə mövzularından biri olduğunu göstərir”. Ekspert bildirib ki, indiki mürəkkəb geosiyasi şəraitdə müsəlman həmrəyliyi hər zamankından daha böyük əhəmiyyət daşıyır: “Qarşıdakı dövrdə hadisələrin hansı istiqamətdə inkişaf edəcəyini zaman göstərəcək. Hazırda ictimaiyyətə yalnız danışıqların görünən hissəsi təqdim olunur. Əsas qərarların və razılaşmaların hansı məzmun daşıdığı isə hələlik məlum deyil. İran ətrafında baş verən proseslər isə görünür ki, yaxın dövrdə də regional gündəmin əsas mövzularından biri olaraq qalacaq. İranın da savaşlar zamanı ABŞ-a məxsus hərbi bazalara zərbə endirdiyini və bu zaman Səudiyyə Ərəbistanının da tez-tez hücumlara məruz qaldığını nəzərə alsaq, sözügedən telefon danışığının təsadüf olmadığını əminliklə söyləmək mümkündür”. Geri qayıt |