Əsas Səhifə > Güney Press > Qərb Gürcüstanı “vurub”, Ermənistanı niyə gücləndirir:
Qərb Gürcüstanı “vurub”, Ermənistanı niyə gücləndirir:Bu gün, 17:47 |
|
Cənubi Qafqaz uğrunda geopolitik rəqabət yeni mərhələyə qədəm qoyduqca, ABŞ və Avropa Birliyinin region dövlətlərinə münasibətdə tətbiq etdiyi fərqli yanaşma tərzi də daha qabarıq şəkildə üzə çıxmağa başlayıb. Son hadisələr onu göstərir ki, ABŞ və Avropa Birliyi bu regionda yerləşən ölkələrə eyni siyasi və demokratik meyarlarla yanaşmır. Və bu isə Qərb siyasi dairələrinin illərdir ki, müdafiə etdiklətini israrla vurğuladiqları “demokratiya, hüququn aliliyi və suverenliyə hörmət prinsipləri”nin praktikada əslində, “seçici” xarakter daşıdığı barədə iddiaları daha da gücləndirir. Məhz elə ona görə də, Gürcüstanın baş naziri İrakli Kobaxidzenin son bəyanatları sadəcə, siyasi etiraz deyil, həm də ABŞ və Qərbin Cənubi Qafqaz strategiyasına yönəlmiş açıq ittihamlar kimi qəbul olunur. Belə ki, gürcü aş nazir ölkəsində uzun illər ərzində xarici maliyyə və siyasi dəstək hesabına nifrət, qarşıdurma, eləcə də radikalizm mühitinin formalaşdırıldığını bəyan edir. O, vurğulayır ki, Gürcüstan artıq bu ssenarinin davam etməsinə qətiyyən imkan verməyəcək. Və onun fikrincə, Gürcüstan cəmiyyətində kənar güclər tərəfindən süni şəkildə yaradılmış düşmənçilik mühiti artıq ölkənin daxili sabitliyini pozmaq üçün istifadə olunan təhlükəli siyasi texnologiyaya çevrilib. Onu da qeyd etmək lazımdır ki, Gürcüstan baş nazirinin mövqeyini təkrarlayan parlament sədri Şalva Papuaşvilinin bu barədə açıqlamaları isə həmin ittihamları daha da sərtləşdirir. Çünki onun fikrincə, hazırda Gürcüstanda Qərbə dəstək məzmunlu şüarlar getdikcə, nifrət ritorikası, təhqirlər və siyasi radikalizm ilə müşayiət olunmağa başlayıb. Spiker Şalva Papuaşvili hesab edir ki, əgər, Avropa Birliyi həqiqətən də demokratik dəyərlərin müdafiəçisi olmaq istəyirsə, onda ilk növbədə məhz bu cür pozucu radikal siyasi davranışları himayə etməkdən mütləq imtina etməlidir. Digər tərəfdən bu ziddiyyətlərin arasında ən diqqətçəkən məqam isə Gürcüstan rəhbərliyinin ABŞ-a ünvanladığı açıq ittihamlardır. Çünki baş nazir İrakli Kobaxidze açıq şəkildə bəyan edib ki, ABŞ Azərbaycan və Ermənistanla strateji tərəfdaşlığı heç bir siyasi şərt irəli sürmədən inkişaf etdirir. Ancaq Gürcüstana münasibətdə isə tamamilə fərqli davranışa üstünlük verirr. Onun sözlərinə görə, ABŞ və Avropa Birliyinin Gürcüstanla strateji tərəfdaşlığı dayandırması demokratiya ilə deyil, məhz rəsmi Tiflisin Ukrayna müharibəsinə cəlb olunmaqdan, eləcə də Rusiyaya qarşı "ikinci cəbhə" açmaqdan imtina etməsi ilə birbaşa bağlıdır. Təbii ki, əgər, rəsmi Tiflisin bu iddiaları həqiqətə uyğundursa, o zaman ortaya olduqca ciddi bir sual çıxır. Yəni, ABŞ və Avropa Birliyi həqiqətən də demokratiyanı müdafiə edir, yoxsa yalnız öz geopolitik maraqlarına cavab verən ölkələri dəstəkləyir? Əslində, bu sualın aktuallığını artıran əsas amillərdən biri də məhz ABŞ və Avropa Birliyi tərəfindən Ermənistana göstərilən münasibətdir. Çünki son illərdə həm ABŞ, həm də Avropa Birliyi Ermənistana yönəlik siyasi, maliyyə və iqtisadi dəstəyi ardıcıl şəkildə artırmağa üstünlük verir. Halbuki, Paşinyan hakimiyyətinin Ermənistan daxilində müxalifətə, Rusiyayönümlü olsa belə, sərt təzyiqlər göstərməsi, siyasi motivli cinayət işləri açması və media üzərində nəzarəti gücləndirməsi Qərbin demokratiya və insan hüquqları dəyərləri ilə kəskin ziddiyyət təşkil edir. Bütün bunlara paralel olaraq, Ermənistanda məhkəmə-hüquq sisteminin siyasiləşdirilməsi və mövcud hakimiyyətin səlahiyyətlərinin mərkəzləşdirilməsi ilə bağlı da olduqca ciddi tənqidlər mütəmadi olaraq, gündəmə gətirilir. Ancaq bütün bunlara baxmayaraq, nə ABŞ, nə də Avropa Birliyi Gürcüstana yönəlik tətbiq etdiyi siyasi təzyiqləri Ermənistana qarşı da təkrarlamağa qətiyyən həvəs göstərmir. Digər tərəfdən, müstəqil ekspertlərin dəyərləndirməsinə görə, hazırda Gürcüstan Cənubi Qafqaz regionunun ən açıq siyasi sistemlərindən birinə malikdir. Bununla belə, nədənsə, məhz elə bu ölkə ABŞ və Qərbin sanksiya təhdidləri, maliyyə məhdudiyyətləri, diplomatik təzyiqləri, eləcə də davamlı siyasi-ideoloji ittihamları ilə üz-üzə qalıb. Və bu ziddiyyətli davranışlar isə istər-istəməz, həm ABŞ-ın, həm də Avropa Birliyinin Cənubi Qafqaz regionuna yönəlik siyasətində obyektivlikdən daha çox geopolitik məqsədlərin üstünlük təşkil etdiyi ilə bağlı qənaətləri ciddi şəkildə gücləndirir. Əslində, son illərdə ABŞ və Avropa Birliyinin Cənubi Qafqaza yönəlik siyasəti region ölkələrinə müəyyən mesajlar verirdi. Belə ki, ABŞ və Qərbin geopolitik planlarına uyğun davranan ölkələrə daha yumşaq münasibət göstərilir. Ancaq müstəqil qərarlar qəbul etməyə çalışan dövlətlər isə Qərbin müxtəlif siyasi və iqtisadi təzyiq mexanizmləri ilə üzləşməli olurlar. Və bu isə "demokratiya ixracı" konsepsiyasının əsl mahiyyəti barədə olduqca ciddi suallar doğurur. Göründüyü kimi, ABŞ və Avropa Birliyinin bu regionda yürüdüyü seçici, ikilistandrlara bağlı siyasət əslində, qətiyyən demokratiyanın möhkəmlənməsinə, eləcə də sabitliyin qorunmasına xidmət etmir. Əksinə, Qərb siyasi dairələrinin davranışlarında fərqli meyarların tətbiqi olunması region dövlətləri arasında etimadı sarsıdır, yeni geopolitik qarşıdurmaları stimullaşdırır və ümumiyyətlə, Cənubi Qafqazı böyük güclərin rəqabət meydanına çevirir. Ona görə də, əgər, ABŞ və Avropa Birliyi həqiqətən də regionda uzunmüddətli sabitlik, təhlükəsizlik və əməkdaşlıq mühitinin yaranmasını istəyirlərsə, ilk növbədə bütün Cənubi Qafqaz ölkələrinə eyni hüquqi və siyasi prinsiplərlə yanaşmalıdır. Eyni zamanda, Qərb siyasi dairələri demokratiya insan haqları kimi dəyərləri öz geopolitik maraqlarının alətinə çevirməkdən də imtina etməlidirlər. Əks halda, "ikili standartlar" siyasəti yalnız Qərbin nüfuzunu zəiflətməklə qalmayacaq. Yəni, bu, həm də Cənubi Qafqazda yeni hərbi-siyasi böhranların və geostrateji qarşıdurmaların yaranmasını daha da sürətləndirəcək. Elçin XALİDBƏYLİ, Geri qayıt |