Əsas Səhifə > Güney Press > "Bakını sürücülərin başına dar etməyin!"

"Bakını sürücülərin başına dar etməyin!"


Bu gün, 11:46

“Düz 32 ildir avtomobil idarə edirəm. İndiyədək bir dəfə də olsun avtoqəza törətməmişəm, eləcə də son 6-7 ilədək bir dəfə də olsun ciddi bir qayda pozub cərimə edilməmişəm. Amma son 6-7 ildir gecə yatıram, səhər yuxudan duran kimi, ya AYNA-dan, ya da DYP-dən cərimə mesajı gəlir. Bu nə deməkdir?”.

KONKRET.az xəbər verir ki, bu sözləri tanınmış jurnalist Asif Mərzili özünün Facebook səhifəsində yazıb. O daha sonra fikirlərini belə davam etdirib:

“Niyə, məsələn, mən bu qədər sərt qaydalara və cərimə məbləğlərinə baxmayaraq, başlamışam qayda pozmağa? Adam getdikcə təcrübələnir, peşəkarlaşır, indi belə çıxır ki, məsələn, mən isə savadsızlaşıram, təcrübəsizləşirəm?! Belə olmaz! Qayda pozmağa yaradılan münbit şəraitləri yığışdırın, cənablar! Konkret misal: F.Bayramov küçəsində BRAVO ilə yan-yana 4-5 aptek, dükan, kafe var. Y.Səfərov küçəsindən sağa – F.Bayramov küçəsinə dönəndə yolun sol və ya sağını AYNA parklamaları zəbt edib, hər məntəqənin yanında da rayonda kartof, soğan əkib qoyun-quzu becərməli cavan oğlanlar, solda-BRAVO-nun düz qapısının ağzında isə DYP-nin “Dayanma-durma” qadağandır nişanı. Sağda parklamada yer yoxdur! Solda da dayanmaq-durmaq olmaz! Aptekdən qızdırmalı körpəsinə 3 manatlıq dərman axtaran (hələ onu tapacaq, ya yox, bəlli deyil) dərhal cərimələnir! Orda dayanan, gözləyən AA seriyalı avtomobillərə cərimə yaza bilərsiz? Qətiyyən yox!
Bu vandalizmdir, sadə insanların maddi ehtiyaclarını əzmək və işğal etməkdir! Bakını sürücülərin başına dar etməyin! Prezident əhalinin güzəranını yaxşılaşdırmaq istəyir, siz isə tərsinə iş görürsünüz! Nə demək istəyirsiniz? Sürücülər sizləri qanunda nəzərdə tutulmamış saatlarla davam edən tıxacınıza görə məhkəməyə verməlidir ki, bu süni, yersiz, ədalətsiz və Allahsız cərimələrinizi yığışdırasınız! Etməyin!
DSK-nin statistikasına baxın: hər il qayda sərtləşdirilir, cərimələr ikiqat artırılır, amma qayda pozanların və pozmaların sayı onqat artmaqda davam edir! Belə çıxır ki, siyasətiniz düz deyil! Profilaktikanız və qaydalarınız Azərbaycanlıq deyil!”.


Geri qayıt