Əsas Səhifə > Güney Press > ASCO-nun 2025-ci ildə gəlirlər artsa da,
ASCO-nun 2025-ci ildə gəlirlər artsa da,Bu gün, 11:40 |
|
Gəmiçilik sahəsində çoxistiqamətli fəaliyyət göstərən dövlət şirkəti “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” (ASCO) 2025-ci ili 17,5 milyon manat xalis zərərlə başa vurub. Şirkət 2024-cü ildə 14,5 milyon manat xalis mənfəət əldə etmişdi. Banker.az bunu dövlət şirkətinin illik audit hesabatına istinadən xəbər verir. Dövlət şirkəti hesabatı əvvəlki illərdən fərqli olaraq da az səhifələrlə (PDF şəkilində) rəsmi səhifəsində yerləşdirib. Buna isə məqalənin sonunda bir daha toxunacağıq. Mənfəətin zərərə çevrilməsi əsasən əməliyyat zərərinin artması, satış və inzibati xərclərin yüksək qalması, eləcə də maliyyə gəlirlərinin azalması ilə bağlıdır. Ötənilki zərər nəticəsində dövlət şirkətinin bölüşdürülməmiş mənfəəti isə il ərzində 451,8 milyon manatdan 329,6 milyon manata enib. 2025-ci ildə ASCO-nun gəlirləri 476 milyon manata çatıb ki, bu da əvvəlki illə müqayisədə 6,9% artım deməkdir. Satışın maya dəyəri 355,5 milyon manat olub və 2,2% azalıb, nəticədə ümumi mənfəət 120,5 milyon manata yüksələrək 47,4% artıb. Bununla belə, ümumi və inzibati xərclər 55,5 milyon manat səviyyəsində qalaraq 2,2% azalıb, sair əməliyyat xərcləri isə 87,6 milyon manata yüksələrək 9,1% artıb. Digər tərəfdən, “sair əməliyyat” kimi təsnifləşdirlən gəlirləri 13,7 milyon manatdan 32,2 milyon manata yüksələrək 134,7% artsa da, bu artım əməliyyat nəticələrinin mənfiyə keçməsinin qarşısını ala bilməyib. Nəticədə əməliyyat zərəri 19,2 milyon manat olub ki, bu da əvvəlki illə müqayisədə 4,1% çoxdur. Bir faktı deyək ki, dövlət şirkətinin əməliyyat zərərində olmasına rəğmən maliyyə gəlirləri hesabına xalis mənfəət əldə etmişdi. Şirkətin cəmi aktivləri 2025-ci ilin sonuna 1 milyard 769 milyard manat təşkil edib ki, bu da illik müqayisədə 3,2% azalma deməkdir. Aktivlərin əsas hissəsini 1 milyon 282 milyard manat və ya ümumi aktivlərin təxminən 72,5%-ni təşkil edən əsas vəsaitlər formalaşdırır. Hesabat dövrünün sonunda ASCO-nun cəmi öhdəlikləri 606,3 milyon manat olub və bu göstərici illik müqayisədə 8,9% artıb. Cəmi kapital isə 1,162 milyard manata enərək 8,3% azalıb. Bununla belə şirkət 2025-ci ildə səhmdarı olduğu dövlətə 1,68 milyon manat dividend ödəyib. Bundan əlavə hesabata əlavə edilmiş qeydlərə görə, 2025-ci ildə ASCO Azneft İB-dən olan debitor borcu üzrə 68,1 milyon manat məbləğində gözlənilən kredit zərəri (GKZ) ehtiyatı yaratmayıb. Eyni zamanda, əvvəlki illərdə tanınmış 6,5 milyon manatlıq GKZ ehtiyatı ümidsiz borc kimi silinib. Bundan başqa, şirkət ötən ilin maliyyə hesabatında 1,6 milyon manatlıq aktivlərin dəyərsizləşməsini və 13,8 milyon manatlıq silinmədən əldə olunan gəliri 2025-ci ilin təqdimat formatına uyğun olaraq yenidən təsnif edib. Həmçinin, 2025-ci ildə gəminin əsaslı təmiri çərçivəsində kapitallaşdırılmış 1,5 milyon manat amortizasiya cari dövrün xərclərinə daxil edilməyib. “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC Prezidentin 2013-cü il tarixli fərmanı ilə yaradılıb və 100% dövlətə məxsusdur. Şirkət Azərbaycanın ticarət donanmasını, Xəzər dənizində yük və sərnişin daşımalarını, beynəlxalq nəqliyyat-logistika xidmətlərini və gəmi təmiri fəaliyyətini həyata keçirən ən iri dövlət nəqliyyat operatorlarından biridir. Bir daha hesabatın təqdimatına qayıdaraq bildiririk ki, ASCO-nun 2025-ci il üzrə dərc etdiyi maliyyə hesabatı diqqət çəkir. Dövlət şirkəti bu dəfə cəmi 8 səhifəlik hesabat açıqlayıb və bunun yalnız təxminən 4 səhifəsi maliyyə hesabatlarından ibarətdir. Hesabatda gəlir və xərclərin detallı strukturu, borc öhdəliklərinin kreditorlar üzrə bölgüsü və digər izahlı qeydlər əvvəlki illərlə müqayisədə xeyli məhdud təqdim edildiyindən, şirkətin maliyyə göstəricilərini və nəticələrinin səbəblərini daha dərin təhlil etmək mümkün olmur. Geri qayıt |