Əsas Səhifə > Güney Press > Türkiyə Rusiyadan aldığı S-400-ləri Fars körfəzi ölkəsinə satıb

Türkiyə Rusiyadan aldığı S-400-ləri Fars körfəzi ölkəsinə satıb


Bu gün, 08:23

Türkiyənin Rusiyadan aldığı S-400 zenit-raket komplekslərinin Fars körfəzi bölgəsində yerləşən ölkələrdən birinə satıldığı iddia olunur.

Teleqraf xəbər verir ki, bu barədə Türkiyənin "Hürriyet" qəzeti məlumat yayıb.

Nəşrin köşə yazarı Abdülkadir Selvinin iddiasına görə, sövdələşmə başa çatıb və bu barədə rəsmi açıqlamanın bu gün veriləcəyi gözlənilir.

Məlumata əsasən, S-400 sistemləri Fars körfəzi ölkələrindən birinə göndərilir. Potensial alıcı kimi Birləşmiş Ərəb Əmirlikləri və ya Qətərin adı çəkilsə də, qəzet rəsmi açıqlamanı gözləməyi tövsiyə edib.

Türkiyə hakimiyyəti hələlik bu məlumatı şərh etməyib.

Hürriyet bundan əvvəl Ankaranın ABŞ-nin CAATSA sanksiyalarından çıxmaq və F-35 qırıcılarının istehsalı proqramına qayıtmaq üçün hüquqi variantlar üzərində işlədiyini yazmışdı. Nəşrin məlumatına görə, S-400-lərin üçüncü ölkəyə satışı da bu prosesin bir hissəsi kimi nəzərdən keçirilir.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO sammiti çərçivəsində ABŞ Prezidenti Donald Trampla keçirdiyi görüşdən sonra Ankaranın F-35 proqramına qayıdacağına əmin olduğunu bildirib. Tramp isə bu məsələ ilə bağlı yekun qərar vermədiyini deyib.

Qeyd edək ki, Türkiyə 2017-ci ildə Rusiyadan 2,5 milyard dollar dəyərində dörd divizion S-400 sistemi alıb. Bu müqavilədən sonra Ankara ABŞ-nin F-35 proqramından çıxarılmışdı.


Geri qayıt