Əsas Səhifə > Güney Press > Komediyadan KRİMİNALA DOĞRU:

Komediyadan KRİMİNALA DOĞRU:


Bu gün, 17:40

“Biz komediya dövründən qurtardıq, seriallarda “əkşin” (döyüş) dönəminə qədəm qoyduq. Yeni çəkilən kriminal filmlərə sağlam keçid dövrü kimi baxıram”.

Bu sözləri Yenicag.az-a açıqlamasında rejissor Namiq Ağayev deyib.

O, son vaxtlar televiziyalarda sayı getdikcə artan kriminal janrlı seriallara keçidin səbəblərini açıqlayıb:

“Komediya yaxşıdır, amma həddən artıq oldu. Bu da kommersiya ilə bağlıdır. Çətin janr olan kriminal daha təqdirəlayiqdir. Beş tələb olunan janr var ki, bunlardan biri də “əkşin” filmləridir. Tarixi filmlər bahalıdır, maliyyə yetərsiz olduğu üçün sadəcə bədii-sənədli janrda çəkilir.

Oradan-buradan fraqmentlərə baxıram, yaxşı nümunələri görürəm. Biz komediya dövründən qurtardıq, seriallarda “əkşin” dönəminə qədəm qoyduq. Yeni çəkilən kriminal filmlərə sağlam keçid dövrü kimi baxıram. Baxımlıdır. Yalançı məişət mövzularından, qaraqışqırıqlı səhnələrdən çıxılıb. Bu janrda daha çox kinoya uyğun seriallar çəkilir. Düzdür, ruhən bir-birinə bənzərlik var, amma bunu təqdirəlayiq hesab edirəm və alqışlayıram”.

Rejissor mövzu və dramaturgiya ilə bağlı tənqidi fikirlərini də bölüşüb:

“Çəkim texnikası, aktyor oyunu, montajlar yaxşıdır, üslub baxımından dünya kinosuna yaxınlaşma var. Mövzu, süjet baxımından bir qədər dünya kinosundan “kopya”lar var. Yəni artıq işlənmiş mövzulardır. Bu nöqteyi-nəzərdən dramaturgiyaya daha çox fikir vermək lazımdır”.


Geri qayıt