Əsas Səhifə > Güney Press > “İrəvan Moskvadan qopa bilməz”

“İrəvan Moskvadan qopa bilməz”


Bu gün, 17:37

Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiyanın Baş naziri Mixail Mişustinlə Yekaterinburqda keçirdiyi görüşün nəticələrini müsbət qiymətləndirib. Paşinyanın sözlərinə görə, danışıqlar zamanı Ermənistan məhsullarının Rusiyaya idxalına tətbiq olunan məhdudiyyətlərin aradan qaldırılması istiqamətində mühüm razılaşmalar əldə edilib. O, razılaşmaların detallarını hələlik açıqlamaq istəmədiyini, onların praktiki nəticələrinin görünməsindən sonra ictimaiyyətə ətraflı məlumat veriləcəyini bildirib.

Politoloq Turan Rzayev Sherg.az-a söyləyib ki, Ermənistanla Rusiya arasında Ermənistanın Qərbə inteqrasiya siyasəti səbəbindən müəyyən soyuqluq və narazılıq var:

“Amma bu münasibətlərin kəskin şəkildə, birdən-birə dəyişməsi üçün tərəflərə əsas verən amillər görünmür. Yəni Ermənistan Qərbə inteqrasiya etsə də, aydındır ki, onu nə Avropa İttifaqına, nə də NATO-ya bu tezliklə, hətta ümumiyyətlə qəbul etməyəcəklər. Bunu, yəqin ki, Ermənistan da bilir. Ermənistanın niyyəti isə Avropa İttifaqına üzv olmaqdan daha çox, məhsullarını Avropa bazarına daha imtiyazlı şərtlərlə sata bilmək, Avropa ilə siyasi, iqtisadi və hərbi əməkdaşlığı genişləndirməkdir”.

Analitik qeyd edib ki, Ermənistan üçün Rusiyadan qopmaq da asan deyil:

“Məsələn, Gürcüstan və Azərbaycan bu məsələlərdə daha rahat idi. Lakin bütün postsovet ölkələrinin Rusiya ilə münasibətlər sistemi eyni deyil. Ermənistanın təbii ehtiyatları azdır. Xüsusilə də neft və qazı olmadığı üçün həm bu məhsullar baxımından Rusiyadan asılıdır, həm də əsas ixrac gücü olan kənd təsərrüfatı məhsullarının alıcı bazarı Rusiyadır. Düzdür, bu məhsulları Avropaya da yönəldirlər. Amma onların Avropaya davamlı və daha geniş həcmdə ixracı müəyyən vaxt aparacaq. Həmin dövrə qədər Rusiya ilə münasibətləri idarə etmək lazımdır və bu məhsulların Rusiya bazarına satışından maksimum gəlir əldə etmək istiqamətində danışıqlar gedirdi. Görünür, artıq bunun nəticələri də əldə edilib. Münasibətlərdə ciddi bir dəyişiklik olacağını düşünmürəm. Tərəflər arasında razılaşmalar və müxtəlif ritorikalar davam edəcək, paralel olaraq iqtisadi münasibətlər də davam etdiriləcək. Adətən siyasi münasibətlər nə qədər pis olsa belə, iqtisadi münasibətləri bundan kənarda saxlamağa çalışırlar. Çünki dövlətlərin iqtisadi münasibətləri qarşılıqlı asılılıq üzərində qurulur. Ona görə də bu məsələdə ciddi bir dəyişiklik olacağını düşünmürəm. O ki qaldı yeni mərhələyə, hesab edirəm ki, yaxın dövrdə belə bir mərhələ olmayacaq. Ən yaxşı halda, gələcək illərdə Ermənistanın Rusiyadan müəyyən qədər məsafə saxlaması mümkün ola bilər. Amma indiki məqamda hər hansı ciddi yenilik gözləmirəm, açığı”.


Geri qayıt