Əsas Səhifə > Güney Press > Gedişin ədəbi versiyası
Gedişin ədəbi versiyasıBu gün, 06:51 |
|
Rafiq Tağı öldürülmədən əvvəl "Qatilimə didaktika dərslərim" adında hekayə yazmışdı. O hekayədə sanki öldürüləcəyini qabaqcadan hiss etmişdi. Hekayədə müəllif öz qatilinə onu necə öldürəcəyi haqda mühazirə söyləyir.
Rafiq Tağını evinə getdiyi vaxt qatar yolunda bıçaqladılar.
Görən, o qatil bu əsəri oxumuşdumu?
Eldar Baxışın şeirindəndir:
"Bir şairi öldürdülər
bir ölkənin ortasında, —
ölkə bilmədi-bilmədi."
Eldar Baxışın bacısından müsahibə almışdım. Müsahibədə demişdi ki, Eldar axırıncı dəfə dostuyla hansısa kafedə içirmiş. Qonşu masadan xahiş eləyiblər ki, bizə qoşulun, bir yerdə içək. O gün Eldar Baxışın içkisinə zəhər qatırlar və o yavaş-yavaş bu dünyadan köçüb gedir.
Görən, Eldar Baxış o misranı yazanda təhtəlşüurunda bu hadisənin başına gələcəyini hiss etmişdimi?
Fərhad Mete adında bir şair vardı. O vaxt Mədəniyyət və Turizm Nazirliyi ilə Yazıçılar Birliyinin birgə layihəsi olan Gənc Ədiblər Məktəbinə gedib-gəlirdi. Mən onda 10-cu sinifdə oxuyurdum. Fərhadın şeirləri seçilirdi, hiss olunurdu ki, Mikayıl Müşfiq kimi bir şair gəlir ədəbiyyatımıza.
Amma onun da yazdığı misra alın yazısına çevrildi.
Misra belədir:
"Bir böyük yatağın üstündə iki nəfər —
biri ölər, biri qalar ..."
Deməli, Fərhad Mete və şair dostu İlham Çərkəzoğlu hansısa rayona toya gedirlər. Yaxşıca toqqanı bərkidəndən sonra qayıdırlar Bakıya. Və yolda qəza olur, onları xəstəxanaya çatdırırlar. Hər ikisini palatadakı tək çarpayıya uzadırlar. O çarpayıda Fərhad ölü olur, İlham sağ qalır.
Görən, Fərhad o misranı yazarkən hansı ruh halında olubmuş?
Axtarsaq, bu cür misalları çox tapa bilərik. Həm yerli, həm xarici ədəbiyyatdan. Öz misrasının qurbanı olan müəlliflər. Yaxud öz yazdığı cümlə alın yazısına çevrilən yazıçılar.
Qorki Ədəbiyyat Universitetində təhsil alan yazıçı dostlarımız danışırdı ki, müəllimlər onlara yaxınlarının ölməyindən yazmamağı öyrədərmiş. Sağ valideynlərdən. Deyirlərmiş ki, yazıya pozu yoxdu, dönüb-dolaşıb yazdığın reallaşa bilər.
Görünür, yazının da amansız nəticələri olur.
Elə misra, elə cümlə var ki, müəllif orada mina basdırıb. Öz alın yazısını ortaya çıxardan mina.
Gec-tez o mina partlayacaq...
Müəllif: Ayxan Ayvaz - Mənbə: "DİA-AZ"
Geri qayıt |