Əsas Səhifə > Güney Press > LGBT ətrafında bitməyən müzakirələr: Qərb nəyi hədəfləyir?

LGBT ətrafında bitməyən müzakirələr: Qərb nəyi hədəfləyir?


Bu gün, 17:33

Niderlandın Baş naziri Rob Jettenin Türkiyəyə səfəri zamanı nişanlısının onu müşayiət etməməsi beynəlxalq medianın diqqətini cəlb edib. Avropada homoseksual olduğunu açıq şəkildə bəyan edən və yüksək dövlət vəzifələrində təmsil olunan siyasətçilər ilk fakt deyil. Məsələn, Lüksemburqun keçmiş Baş naziri Xavier Bettel, İrlandiyanın sabiq Baş naziri Leo Varadkar və Belçikanın keçmiş Baş naziri Elio Di Rupo da bu sırada göstərilir.

Son illər Qərb ölkələrində LGBT mövzusu siyasətdə, ictimai həyatda, eləcə də kino və serial sənayesində daha geniş yer almağa başlayıb. Xüsusilə rəqəmsal platformalarda, o cümlədən “Netflix”də bu mövzuya toxunan ekran işlərinin sayının artması müxtəlif müzakirələrə səbəb olur. Bir tərəf bunu cəmiyyətin müxtəlif təbəqələrinin təmsilçiliyinin artırılması kimi qiymətləndirir, digər tərəf isə bunun ənənəvi ailə dəyərlərinə və cəmiyyətin sosial strukturuna təsir göstərə biləcəyini iddia edir. Bu müzakirələr Azərbaycanda da zaman-zaman gündəmə gəlir. İctimai məkanda LGBT simvollarının nümayiş etdirilməsi cəhdləri, 8 Mart Beynəlxalq Qadınlar Günü ərəfəsində keçirilən bəzi aksiyalar və həmin tədbirlərdə səsləndirilən şüarlar müxtəlif ictimai reaksiyalar doğurub. Bu məsələyə fərqli prizmadan yanaşılır və cəmiyyətə mümkün təsirləri barədə müxtəlif mövqelər səsləndirilir.

Homoseksual siyasətçilərin yüksək dövlət vəzifələrinə seçilməsi və bunun açıq şəkildə ictimaiyyətə təqdim olunması hansı siyasi tendensiyaların göstəricisidir? Azərbaycanda LGBT mövzusu ilə bağlı müzakirələrin və sosial şəbəkələrdə yayılan məzmunun ictimai rəyə, xüsusilə gənclərin baxışlarına təsiri barədə hansı müşahidələr var?

Globalinfo.az-a danışan politoloq Züriyə Qarayeva deyib ki, homoseksual siyasətçilərin yüksək dövlət vəzifələrinə seçilməsi ilk növbədə Qərb demokratiyalarında şəxsi həyatla siyasi fəaliyyətin bir-birindən ayrılması prinsipinin gücləndiyini göstərir:

“Bir sıra Avropa ölkələrində seçicilər namizədin cinsi oriyentasiyasından daha çox onun idarəçilik bacarığına, iqtisadi proqramına, təhlükəsizlik və sosial siyasət sahəsində fəaliyyətinə diqqət yetirirlər. Bu səbəbdən homoseksual olduğunu açıq şəkildə bəyan edən siyasətçilərin parlamentə, hökumətə yaxud digər yüksək vəzifələrə gəlməsi həmin ölkələrdə hüquqi bərabərlik və ayrı-seçkiliyə yol verilməməsi prinsiplərinin siyasi sistemdə tətbiqinin nəticəsidir”.

Politoloqun sözlərinə görə, bu məsələ Qərb ölkələrində də mübahisəsiz qəbul edilmir:

“Bir çox siyasi partiyalar və ictimai qruplar LGBT hüquqlarının genişləndirilməsini dəstəkləsə də, konservativ qüvvələr bunun ailə institutuna və ənənəvi dəyərlərə təsir göstərdiyini iddia edir. Buna görə də homoseksual siyasətçilərin açıq şəkildə ictimaiyyət qarşısına çıxması təkcə fərdi seçim deyil, həm də dəyərlər siyasətinin bir hissəsinə çevrilib. Bu mövzu Qərbdə insan hüquqları, bərabərlik və inklüzivlik yanaşması ilə ənənəvi dəyərləri ön plana çıxaran siyasi baxışlar arasında davam edən ideoloji rəqabətin əsas müzakirə mövzularından biri olaraq qalır”.

Sağlam Cəmiyyət Hərəkatının sədri, sosioloq Elçin Bayramlı isə bildirib ki, son illər dünyada milli-mənəvi dəyərlər və ailə institutu ilə bağlı geniş müzakirələr aparılır:

“Bəzi beynəlxalq ideoloji tendensiyalar ənənəvi ailə institutuna, mənəvi dəyərlərə və cəmiyyətlərin formalaşmış həyat tərzinə təsir göstərir. Bu istiqamətdə müxtəlif maliyyə, media və kommunikasiya resurslarından istifadə olunur. Cəmiyyətlər milli-mənəvi dəyərlərin, ailə institutunun və gənc nəslin sağlam tərbiyəsinin qorunması istiqamətində daha fəal siyasət həyata keçirməlidirlər. Bioloji cins, ailə modeli və mənəvi dəyərlərlə bağlı müxtəlif ideoloji yanaşmaların, xüsusilə uşaqlar və yeniyetmələr arasında təbliği bir çox ölkələrdə ictimai müzakirə mövzusuna çevrilib. Azərbaycan bu məsələdə öz milli maraqlarını əsas götürməlidir. Dövlətimizin siyasi kursu da ölkənin milli-mənəvi dəyərlər əsasında inkişafına yönəlib. Ölkə başçısı müxtəlif çıxışlarında milli kimliyin, ailə institutunun və mənəvi dəyərlərin qorunmasının vacibliyini dəfələrlə vurğulayıb”.

Sosioloq qeyd edib ki, milli-mənəvi dəyərlərin qorunmasına dair kompleks dövlət proqramının hazırlanması məqsədəuyğun olardı:

“Təhsil, media, mədəniyyət və vətəndaş cəmiyyəti institutları bu istiqamətdə koordinasiyalı fəaliyyət göstərməlidirlər. Televiziya və rəqəmsal platformalarda uşaqların zərərli informasiyadan qorunması gücləndirilməli, qanunvericilik çərçivəsində müvafiq tədbirlər görülməlidir. Eyni zamanda, milli kimliyi, ailə institutunu və mənəvi dəyərləri zəiflədə biləcək destruktiv təbliğata qarşı hüquqi çərçivədə mübarizə aparılmalı, gənclərin vətənpərvərlik, azərbaycançılıq ideologiyası və milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi prioritet istiqamətlərdən biri olmalıdır. Bu sahədə dövlət, media, vətəndaş cəmiyyəti və ailə institutu vahid yanaşma əsasında fəaliyyət göstərməli, milli maraqların, cəmiyyətin mənəvi əsaslarının qorunmasına birgə töhfə verməlidirlər”.


Geri qayıt