Əsas Səhifə > Güney Press > İrandan növbəti Zəngəzur XƏBƏRDARLIĞI
İrandan növbəti Zəngəzur XƏBƏRDARLIĞIBu gün, 16:07 |
|
İranın Ermənistandakı səfiri Xəlil Şirqulami TRİPP layihəsinə toxunaraq Tehranın mövqeyini təqdim edib. Musavat.com bildirir ki, onun sözlərinə görə, İran sərhədləri yaxınlığında ABŞ-nin mövcudluğu ilə bağlı narahatlıqlar tamamilə başadüşüləndir və haqlıdır. Səfir bu məsələ ilə bağlı aydın və konkret cavabların lazım olduğunu vurğulayıb. Şirqulaminin sözlərinə görə, Ermənistan hakimiyyəti layihənin həyata keçirilməsinin İran İslam Respublikasının təhlükəsizliyinə heç bir təhdid yaratmayacağına zəmanət verib. Lakin ilk dəfə deyil ki, İran “Tramp yolu” ilə bağlı İrəvanı xəbərdar edir. Paşinyan Tehranda olarkən prezident Pezeşkian ona eyham vurmuşdu ki, regiona kənar güclərin cəlb olunması yolverilməzdir. Ümumiyyətlə, son vaxtlar cənub qonşumuzdan “Tramp yolu” ilə bağlı siqnallar tez-tez eşidilir. Bundan əvvəl İranın ali rəhbərinin hərbi müşaviri, general Yəhya Rəhim Səfəvi də üstüörtülü bəzi ifadələr işlədib. Səfəvi deyib ki, Ermənistan bu mövzuda daha radikal mövqe ortaya qoyub. “Birbaşa sərhədlərə ABŞ mühafizə xidməti adı ilə Amerika əsgərini gətirir. Ermənistan hər dəfə bizə “sizə qarşı heç bir layihədə iştirak etməyəcəyik”, - deyə bildirir. Amma addımlar bunun əksini göstərir. Xüsusilə dəhliz məntiqi ilə ərazilərin uzaq bir ölkəyə verilməsi yeni təhdid yaradır”. Tehran Universitetinin Qafqaz Araşdırmaları Mərkəzinin direktoru Cəfər Haşe isə bildirib ki, İran Ermənistan öz sərhədlərini müdafiə etməyə hazır olduğu halda ona dəstək verməyə hazırdır. Analitiklərə görə, İran ritorikanı dəyişib. Əvvəllər Ermənistanın təhlükəsizliyini öz təhlükəsizliyi adlandıran, Cənubi Qafqazın “sərhədlərinin dəyişməsini” təhdid kimi qiymətləndirən, dəhlizin açılmasını öz milli maraqları üçün təhdid adlandıran və “qırmızı xətt” sayan İran indi İrəvanı ittiham etməyə başlayıb. Azərbaycanı əsassız yerə günahlandırmaqdan əl çəkən Tehran hazırda ABŞ və Avropa Birliyinin Ermənistanda təsirlərinin artmasından narahat olmaqda, bunun günahını isə Paşinyan administrasiyasında görməkdədir. Bəs İran niyə “Tramp yolu”ndan belə narahatdır? Ekspertlərə görə, İran geostrateji əhəmiyyətini itirir, tarixi İpək yolundan məhrum olur. Bundan əlavə, Xəzər hövzəsində və Qafqazda təsir imkanları və nüfuzunu itirir. Bu, Qara dənizə qədər geniş bir strateji ərazinin itirilməsi deməkdir. Rusiya ilə əlaqələrində Azərbaycan olmasa, ciddi axsamalar yaşayacaq. Bu gün İran Rusiyaya yüklərinin 90 faizini Azərbaycan üzərindən daşıyır. Bu, rəsmi statistikadır. Ona görə də Tehran bu logistikadan pay və iştirak istəyir. Əslində, eyni istək Rusiyada da var. Lakin Ermənistan bunu istisna edir. Çünki sənəd 2025-ci il 8 avqustda ABŞ ilə Ermənistan arasında imzalanıb. Belə görünür ki, "bu xəmir hələ çox su aparacaq" və Zəngəzur dəhlizi - yəni TRİPP layihəsi ilə bağlı regionda mürəkkəb, gərgin bir dövr qarşıdadır... Geri qayıt |