|
Azərbaycanın Xalq artisti, tanınmış iş adamı Emin Ağalarova məxsus “Sea Breeze” şirkətinin İsrailin “Makkabi Netanya” futbol klubuna sponsorluq etməsi sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Yeniavaz.com İsrailin “Sport5” nəşrinə istinadən xəbər verir ki, “Makkabi Netanya” klubu “Sea Breeze Resort & Residences” şirkəti ilə ötən il sponsorluq müqaviləsi imzalayıb. İsrailin ONE portalı isə yazıb ki, sponsorluq müqaviləsinin illik dəyəri 2,5 milyon İsrail şekeli (təxminən 850–860 min ABŞ dolları) təşkil edir. İsrail mediası müqavilənin maliyyə baxımından klubun son illərdə imzaladığı ən iri sponsorluq sazişlərindən biri olduğunu qeyd edir. Tərəfdaşlıq çərçivəsində şirkətin loqosu komandanın oyun formalarının ön hissəsində yer alacaq. Klub rəhbərliyi bildirib ki, bu əməkdaşlıq “Makkabi Netanya”nın beynəlxalq əlaqələrinin genişləndirilməsi və uzunmüddətli inkişaf strategiyasının mühüm tərkib hissəsidir. Məlumata görə, sponsorluq müqaviləsi klubun yeni sahiblərinin rəhbərliyi dövründə bağlanan ilk iri beynəlxalq kommersiya razılaşmalarından hesab olunur. Qeyd edək ki, “Makkabi Netanya” İsrail Premyer Liqasının ən titullu klublarından biridir. Onu da qeyd edək ki, bu yaxınlarda Emin Ağalarov rusiyalı aparıcı Svetlana Bondarçuka verdiyi müsahibədə “Sea Breeze” yaşayış və istirahət kompleksində satılan 600 mənzildən 400-nü israillilərin aldığını bildirib. Ağalarov həmçinin qeyd edib ki, onlarla əməkdaşlıq edən şirkət də İsraildəndir və buna görə də satış başlayan kimi 400 mənzil israilli alıcılar tərəfindən əldə olunub. Məlumat üçün bildirək ki, Nardaran qəsəbəsində yerləşən “Sea Breeze” istirahət zonasının ərazisində çoxsaylı yaşayış və qeyri yaşayış binaları inşa olunub. Bu yaşayış və istirahət kompleksinə villalar, mənzillər, otellər, həmçinin istirahət və əyləncə obyektləri daxildir.
Geri qayıt
|