|

Bakı Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən Amid Əlizadənin (adı, soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Habil Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.
Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.
İttihama görə, təqsirləndirilən şəxs etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə müxtəlif vaxtlarda bir neçə şəxsə dövlət qurumlarında vəzifəyə təyin olunmaq, işə qəbul edilmək və sürücülük vəsiqəsinin alınmasına köməklik göstərəcəyi barədə yalan vədlər verərək onların etibarından sui-istifadə edib.
İş materiallarına əsasən, Amid Əlizadə ilk epizod üzrə tanışı olan zərərçəkmiş D.D.-yə (adı, soyadı şərtidir) Asəf Zeynallı adına Musiqi Kollecinə direktor müavini vəzifəsinə təyin etdirəcəyini vəd edib. Bu məqsədlə müxtəlif vaxtlarda və müxtəlif ünvanlarda zərərçəkmiş şəxsdən həm nağd, həm də bank köçürməsi yolu ilə pul vəsaitləri alıb.
Belə ki, 2024-cü ilin oktyabr ayının əvvəlində Mərkəzi Bankın inzibati binasının yaxınlığında D.D. təqsirləndirilən şəxsə şahidin iştirakı ilə 1 000 manat verib. Daha sonra Bakı şəhərinin Səbail rayonu ərazisində yerləşən inzibati binanın qarşısında əlavə 500 manat təqdim olunub.
Araşdırmalarla müəyyən edilib ki, həmin ayın ortalarında "Nizami Mall" ticarət mərkəzinin yaxınlığında zərərçəkmiş şəxs daha 2 500 manat pulu Amid Əlizadəyə verib. Bundan başqa, Bülbül adına orta ixtisas musiqi məktəbində olarkən mobil bank tətbiqi vasitəsilə müxtəlif tarixlərdə onun göstərdiyi bank kartlarına 1 000 manat və 300 manat, daha sonra isə "Axundov bağı" parkında olarkən əlavə 500 manat köçürülüb.
Beləliklə, təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə verdiyi vədi yerinə yetirməyərək ümumilikdə 5 800 manat məbləğində pulu ələ keçirib və ona xeyli miqdarda maddi ziyan vurub.
Məhkəmə araşdırması zamanı müəyyən edilib ki, Amid Əlizadə bununla kifayətlənməyərək digər zərərçəkmiş şəxsi də aldadıb.
Belə ki, o, həmin şəxsin qohumu üçün sürücülük vəsiqəsinin alınmasına köməklik göstərəcəyini bildirib. Bu vədə inanan zərərçəkmiş F.F. (adı, soyadı şərtidir) əvvəlcə mobil bank tətbiqi vasitəsilə 500 manat, daha sonra isə müxtəlif vaxtlarda hissə-hissə daha 700 manat olmaqla ümumilikdə 1 200 manat vəsaiti təqsirləndirilən şəxsin göstərdiyi bank kartlarına köçürüb.
Lakin sonradan məlum olub ki, Amid Əlizadənin verdiyi vədlərin heç biri həqiqətə uyğun olmayıb və o, əldə etdiyi pul vəsaitlərini mənimsəyib.
Cinayət işində əksini tapan digər epizoda görə isə təqsirləndirilən şəxs həmin zərərçəkmiş F.F.-i hüquq-mühafizə orqanlarından birində zabit rütbəsi ilə işə qəbul olunmasına köməklik göstərə biləcəyini bildirib.
Bu məqsədlə o, zərərçəkmiş şəxsdən müxtəlif vaxtlarda mobil bank tətbiqi və elektron ödəniş sistemi vasitəsilə pul vəsaitləri alıb. Belə ki, əvvəlcə 2 000 manat, daha sonra 1 500 manat, ardınca isə "MilliÖn" ödəniş terminalı vasitəsilə əlavə 700 manat onun göstərdiyi bank hesablarına köçürülüb.
Beləliklə, bu epizod üzrə də zərərçəkmiş şəxsə ümumilikdə 4 200 manat maddi ziyan vurulub.
Məhkəmə araşdırması ilə müəyyən edilib ki, Amid Əlizadə bütün hallarda əvvəlcədən vədlər versə də, həmin vədləri yerinə yetirmək niyyətində olmayıb. O, müxtəlif dövlət qurumlarında vəzifəyə təyin olunma, işə qəbul və sürücülük vəsiqəsinin alınması kimi məsələləri həll edə biləcəyi barədə yalan məlumatlar verməklə zərərçəkmiş şəxslərin etibarını qazanıb və onların pul vəsaitlərini ələ keçirib.
Toplanmış sübutlar əsasında Yasamal Rayon Məhkəməsi təqsirləndirilən şəxsin hərəkətlərini Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə, yəni etibardan sui-istifadə və aldatma yolu ilə təkrarən dələduzluq etməklə zərərçəkmiş şəxslərə xeyli miqdarda maddi ziyan vurma kimi qiymətləndirib.
Məhkəmənin hökmü ilə Amid Əlizadəqeyd olunan maddələr üzrə təqsirli bilinərək cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 3 il 2 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.
Geri qayıt
|