Əsas Səhifə > Güney Press > Gədəbəydə dəhşətli qətlin təfərrüatı: "Al, bu da sənə qızıllar" deyərək damdan aşağı atıbmış

Gədəbəydə dəhşətli qətlin təfərrüatı: "Al, bu da sənə qızıllar" deyərək damdan aşağı atıbmış


Bu gün, 09:08

Gəncə Ağır Cinayətlər Məhkəməsində xüsusi amansızlıqla qəsdən adam öldürmə, zorlama, seksual xarakterli zorakılıq hərəkətləri etmə, oğurluğa cəhd və quldurluqda təqsirləndirilən Nizaməddin Bayramovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim İlkin İbişovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.


Məhkəmənin hökmü ilə Nizaməddin Bayramov 19 il 6 ay müddətə azadlıqdan məhrum edilib. Təqsirləndirilən şəxs ona təyin olunmuş həmin cəzanın ilk 3 il 6 ay müddətini həbsxanada çəkməklə, geri qalan hissəsini isə xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.


İttihama görə, Nizaməddin Bayramov 2025-ci ilin mart ayında Gədəbəy rayonunun Kəlaman kəndində babasına məxsus evdə olarkən çoxsaylı borclarına görə düşdüyü ağır maddi vəziyyətdən çıxmaq üçün özgənin əmlakını oğurlamaq qərarına gəlib. O, kənd sakini, 1951-ci il təvəllüdlü, zərərçəkmiş Zeynəb Nağıyevaya məxsus iribuynuzlu heyvanları oğurlayıb satmaq və bu yolla pul əldə etmək niyyətinə düşüb.


Bu məqsədlə gecə saatlarında zərərçəkmişin həyətyanı sahəsinə daxil olan təqsirləndirilən şəxs tövlədə saxlanılan heyvanları aparmaq istəsə də, əlverişsiz hava şəraiti səbəbindən planını dərhal həyata keçirə bilməyəcəyini anlayıb. O, tövlənin damına çıxaraq münasib vaxt gözləməyə başlayıb, lakin orada yuxuya gedib.


Ertəsi gün səhər saatlarında Zeynəb Nağıyeva heyvanlarına ot vermək üçün tövlənin damına qalxdıqda orada gizlənən şəxsi görüb. Nizaməddin Bayramov artıq oğurluq niyyətinin aşkar olunduğunu başa düşsə də, cinayətkar hərəkətlərini dayandırmayıb.


Əksinə, zərərçəkmişə hücum edən şəxs əvvəlcə təsərrüfatda istifadə olunan kisəni qadının başına keçirib, onu yerə yıxaraq boğaz nahiyəsindən kəndirlə bağlayıb. Daha sonra qadının əllərini arxadan bağlayaraq onu tam hərəkətsiz vəziyyətə salıb.

İttihamda qeyd olunur ki, təqsirləndirilən şəxs Zeynəb Nağıyevanın yaşı və fiziki vəziyyəti səbəbindən müqavimət göstərmək imkanının olmadığını dərk edib. Eyni zamanda, boğazından bağlanmış kisə səbəbindən qadının nəfəs almaqda çətinlik çəkdiyini bilməsinə baxmayaraq, ona xüsusi əzab verməyə davam edib.


İş materiallarına əsasən, Nizaməddin Bayramov əvvəlcə zərərçəkmişə qarşı seksual xarakterli zorakı hərəkətlər edib. Daha sonra qadının köməksiz vəziyyətindən istifadə edərək həm qeyri-təbii, həm də təbii yolla onun iradəsi əleyhinə cinsi əlaqədə olub.


İttiham orqanının mövqeyinə görə, bu əməllər xüsusi amansızlıqla törədilmiş seksual xarakterli zorakılıq hərəkətləri kimi qiymətləndirilib.


Bundan sonra təqsirləndirilən şəxs cinayətkar niyyətini davam etdirərək zərərçəkmişin əmlakını ələ keçirmək qərarına gəlib. O, tövlədə olan təsərrüfat baltasını götürərək onu silah qismində istifadə edib və qadını öldürəcəyi ilə hədələyərək evdə pul və qızıl-zinət əşyalarının harada saxlandığını deməsini tələb edib.


Qorxu içində olan Zeynəb Nağıyeva evdə çantasında pul olduğunu bildirdikdən sonra təqsirləndirilən şəxs yaşayış evinə daxil olub. O, qonaq otağındakı çantadan 380 manat nağd pulu götürərək mənimsəyib.


Pul vəsaitini götürdükdən sonra təqsirləndirilən şəxs yenidən tövləyə qayıdaraq zərərçəkmişdən qızıl-zinət əşyalarının yerini göstərməsini tələb edib. Lakin qadın qiymətli əşyalarının olmadığını dedikdə, Nizaməddin onu öldürmək qərarına gəlib.


Cinayət işinin materiallarında göstərilir ki, təqsirləndirilən şəxs xüsusi qəddarlıq nümayiş etdirərək zərərçəkmişə "Al, bu da sənə qızıllar" ifadəsini işlədib və onu təxminən 2 metr 25 santimetr hündürlükdə yerləşən tövlənin damındakı boşluqdan qəsdən beton döşəmənin üzərinə atıb.

Nəticədə yaşlı qadın baş və döş qəfəsinin ağır qapalı travmaları alıb. Ekspertiza onun baş beyninin ənsə payında qansızmaların, döş sümüyünün və çoxsaylı qabırğalarının sınıqlarının, hər iki ağciyərin cırılmasının, geniş hemotoraksın və digər çoxsaylı ağır xəsarətlərin olduğunu müəyyən edib.


Bundan başqa, qadının bədəninin müxtəlif nahiyələrində çoxsaylı qançırlar və sıyrıqlar da aşkar edilib.


Təqsirləndirilən şəxs bununla kifayətlənməyərək zərərçəkmişi qoltuqlarından tutaraq sürüyüb tövlənin birinci mərtəbəsində yerləşən otağa salıb.

O, qadının aldığı ağır xəsarətlər, əllərinin bağlı olması və nəfəs almaqda çətinlik çəkməsi səbəbindən kömək çağırmaq imkanının olmadığını, sağ qalma ehtimalının isə demək olar ki, qalmadığını anlayaraq otağın qapısını çöldən bağlayıb və hadisə yerini tərk edib.


Zeynəb Nağıyeva aldığı ağır xəsarətlər səbəbindən xəstəxanaya çatdırılsa da, həmin gün axşam saatlarında müalicə aldığı tibb müəssisəsində vəfat edib.


İttihama görə, Nizaməddin Bayramov əvvəlcə xeyli miqdarda dəyəri olan iribuynuzlu heyvanları oğurlamağa cəhd edib, daha sonra zərərçəkmişə qarşı xüsusi amansızlıqla seksual zorakılıq hərəkətləri törədib, baltadan silah qismində istifadə etməklə quldurluq edib, pul vəsaitini ələ keçirib və sonda aşkar surətdə köməksiz vəziyyətdə olan yaşlı qadını quldurluqla əlaqədar xüsusi amansızlıqla qəsdən öldürərək xüsusilə ağır cinayət əməlləri törədib.


Geri qayıt