Əsas Səhifə > Güney Press > Rusiyadakı benzin böhranı Azərbaycana necə təsir edəcək?

Rusiyadakı benzin böhranı Azərbaycana necə təsir edəcək?


Bu gün, 17:32

“Rusiyada müşahidə olunan benzin qıtlığı və yanacaq bazarında yaranmış problemlər region ölkələri üçün müəyyən dolayı risklər yaratsa da, hazırkı mərhələdə Azərbaycanın daxili yanacaq bazarında ciddi təchizat problemi yaradacağı gözlənilmir. Çünki Azərbaycan xam neft istehsalçısı olmaqla yanaşı, daxili tələbatın əsas hissəsini öz neft emalı hesabına təmin edir və yanacaq bazarında əsas təchizatçı yerli istehsaldır. Bununla belə, regional enerji bazarları bir-biri ilə əlaqəli olduğundan müəyyən dolayı təsirlər istisna edilmir”.
Bu fikirləri beynəlxalq idarəetmə sistemləri üzrə mütəxəssis Asif İbrahimov KONKRET.az-a açıqlamasında səsləndirib:

“İlk növbədə, Rusiyada neft emalı zavodlarının fəaliyyətində yaranan problemlər və benzin istehsalının azalması Qara dəniz və Xəzər hövzəsində neft məhsullarının ticarət axınlarını dəyişə bilər. Bu isə regionda topdansatış qiymətlərinə müəyyən təzyiq yaradır. Əgər Rusiya daxili bazarı təmin etmək məqsədilə ixracı məhdudlaşdırarsa, region ölkələrində alternativ təchizat mənbələrinə tələbat artacaq.

Azərbaycan baxımından isə əsas üstünlük ondan ibarətdir ki, ölkənin yanacaq təhlükəsizliyi idxaldan yüksək səviyyədə asılı deyil. Yerli istehsal imkanları və mövcud ehtiyatlar qısamüddətli xarici şokların təsirini əhəmiyyətli dərəcədə yumşaldır. Buna görə də Rusiyada yaranmış vəziyyətin Azərbaycanda yanacaq qıtlığına səbəb olacağı ehtimalı hazırkı şəraitdə aşağı qiymətləndirilə bilər”.

A.İbrahimov vurğulayır ki, qiymətlərə gəlincə, Azərbaycanda benzin və dizel yanacağının pərakəndə satış qiymətləri tam şəkildə sərbəst bazar prinsipləri ilə formalaşmır və dövlət tənzimlənməsi mühüm rol oynayır:

“Bu səbəbdən Rusiyada baş verən qısamüddətli qiymət artımlarının avtomatik olaraq daxili bazara ötürülməsi gözlənilmir. Lakin beynəlxalq neft məhsulları bazarında uzunmüddətli bahalaşma yaranarsa, istehsal və logistika xərcləri vasitəsilə dolayı təsirlər zamanla hiss oluna bilər.
Digər tərəfdən, mövcud vəziyyət Azərbaycan üçün müəyyən imkanlar da yaradacaq. Əgər regionda neft məhsullarına tələbat artarsa və bəzi bazarlarda təklif azalarsa, Azərbaycan neft emalı və ixrac potensialından daha səmərəli istifadə etmək imkanı əldə edə bilər. Bu isə enerji sektorunun ixrac gəlirlərinə müsbət təsir göstərəcək”.

Ekspert əlavə edir ki, Rusiyada baş verən yanacaq böhranı Azərbaycan üçün diqqətlə izlənilməli olan regional risk faktorudur:

“Lakin mövcud şəraitdə bunun ölkə daxilində benzin qıtlığı və ya kəskin qiymət artımı yaradacağını gözləmək üçün ciddi əsas yoxdur. Əsas risklər daha çox regional logistika, topdansatış bazarları və beynəlxalq enerji qiymətləri vasitəsilə dolayı şəkildə özünü göstərə bilər”.


Geri qayıt