Əsas Səhifə > Güney Press > Xaçınçay su anbarında çimmək tamamilə qadağandır

Xaçınçay su anbarında çimmək tamamilə qadağandır


Bu gün, 17:01

Yay mövsümünün acı xəbərləri dənizdə, həmçinin su kanallarında boğulmalar, magistral yollarda qəzalar, qida - əsasən qarpızdan zəhərlənmələrdir. Təəssüf doğuran həm də budur ki əhalimiz hələ də təhlükəsizliyinə, sağlamlığına, ümumən həyatına biganə, səhlənkar yanaşır, məsuliyyətsiz davranışlar isə bir deyil, bir neçə nəfərin faciəsinə səbəb olur. Ağdam rayonunda baş vermiş hadisə də bir ailənin faciəsi ilə bitdi.

Əslən Ağdamın Cinli kəndindən olan İsgəndərovlar ailəsi rayonun Xaçındərbənd kəndi ərazisinə gəzməyə gediblər, Xatın su anbarı kənarında şəkil çəkdirərkən ailənin kiçik yaşlı övladının ayağı sürüşüb və uşaq kanala düşüb. Ata onu xilas etməyə çalışıb, xilas edib, amma özü lilli sudan çıxa bilməyib. Digər övladları atalarını xilas etməyə çalışarkən 3-ü də kanalda boğulub. Bu hadisə “su anbarları və su kanalları boyunca mühafizə zolağı varmı, yoxdursa, niyə yoxdur”, sualını gündəmə gətirir.

Təhlükəsizlik məsələləri üzrə mütəxəssis Elmar Nurəliyev “Sherg.az”a açıqlamasında bildirdi ki, Azərbaycan Respublikasının Su Məcəlləsinə əsasən, su anbarları, göllər, çaylar və su kanallarının ətrafında çirklənmənin qarşısını almaq və obyektlərin təhlükəsizliyini təmin etmək məqsədilə xüsusi mühafizə zonaları - sahil mühafizə zolaqları hökmən müəyyən edilməlidir: 

- Mühafizə zonalarında təbiətdən istifadəyə ciddi ekoloji məhdudiyyətlər qoyulur. Ərazinin abadlaşdırılması və sanitar monitorinq aparılması tələb olunur. Mühafizə zolaqlarının minimum eni su obyektinin ölçüsündən, relyefdən, sahilin meyilliliyindən və təyinatından, məsələn, içməli su mənbəyi olub-olmamasından asılı olaraq qanunvericiliklə müəyyən edilir. Zolaq daxilində daimi və ya müvəqqəti tikililərin inşasına, kimyəvi maddələrin tətbiqinə, tullantıların saxlanılmasına və suların keyfiyyətini pisləşdirən digər təsərrüfat işlərinə icazə verilmir. İcazə verilməməlidir, əslində. Sahil mühafizə zolaqlarındakı torpaqların istifadəsinə yalnız müvafiq dövlət qurumları ilə razılaşdırıldıqdan sonra icazə verilir.

Ekspert qeyd etdi ki, Xaçınçay su anbarının ətrafında qanunla müəyyən edilmiş xüsusi mühafizə zonası və sahil mühafizə zolağı var:

- Bu tipli su anbarlarının ətrafında akvatoriyanın sahəsindən asılı olaraq 300 metrdən 500 metrədək minimum su mühafizə zonası müəyyən edilir. Məsələ bundadır ki, Xatın və ya Xaçınçay – yerli əhali belə adlandırır, su anbarı texniki və suvarma məqsədləri üçün nəzərdə tutulduğundan, onun ətrafı ciddi nəzarətdə saxlanılan qapalı zona hesab olunur. Burada suyun dibinin relyefi kəskin təhlükə yaratdığı üçün çimmək tamamilə qadağandır. Lil, kəskin axınlar var, bilinməyən dərinliklərdir. Su anbarının ətrafında mühafizə zonası var, amma o ərazi çimərlik və ya istirahət zonası olmadığı üçün orada xilasedici postlar və ya vətəndaşların kütləvi şəkildə ərziyə daxil olmasını əngəlləyən hasarlar qurulmayıb. Yəni, ərazi kütləvi çimmək üçün tamamilə qapalı və qadağan olunmuş zonadır. Bu səbəbdən orada FHN-in daimi nəzarət edən xilasedici postları yoxdur. Təhlükəli zona olduğu məlumdur. Ümumiyyətlə, su anbarları, su kanalları çox təhlükəlidir. Güclü sualtı axınlar olan su hövzələridir. Belə bir əraziyə daxil olmaq birbaşa risklidir. Vətəndaşlarımız gərək ehtiyatlı olsunlar, təhlükəli zonalara, qorunmayan ərazilərə getməsinlər, həyatlarını təhlükəyə atmasınlar.


Geri qayıt