|
ABŞ-də keçirilən Dünya Kuboku oyunlarını izləmək üçün ölkəyə səfər edən bir çox xarici azarkeş restoran və xidmət sektorunda tətbiq olunan “çaypulu” (xidmət haqqı) ənənəsinin onların büdcəsinə əlavə yük yaratdığını bildiriblər. "DİA-AZ" BBC-yə istinadla xəbər verir ki, müxtəlif ölkələrdən gələn azarkeşlər ABŞ-də hər xidmət üçün “çaypulu” gözlənilməsinin onları təəccübləndirdiyini və bəzən narahat etdiyini deyiblər. İngiltərədən olan bir azarkeş bildirib ki, restoranlarda yaxşı xidmət müqabilində “çaypulu” verməyi başa düşür. Lakin, sadəcə bir şüşə su alarkən belə “çaypulu” tələb olunması “qəribə” görünür. Qeyd olunur ki, ABŞ-də bəzi restoran və barlarda xidmət işçilərinin əsas saatlıq əməkhaqqı 2 dollardan bir qədər artıq olur. Buna görə də onların gəlirlərinin əhəmiyyətli hissəsini müştərilərin ödədiyi, adətən hesabın təxminən 20%-i həcmində olan “çaypulu” təşkil edir. Başqa ölkələrdən gələn azarkeşlər bildirirlər ki, işçilərinə yaxşı maaş vermək müştərinin deyil, şirkətin məsuliyyəti olmalıdır. Məlumat üçün qeyd edək ki, ABŞ-də “çaypulu” ənənəsinin əsası XIX əsrin sonlarında Avropadan gətirilib. Varlı amerikalılar Avropa səfərlərindən qayıtdıqdan sonra yaxşı xidmətə görə əlavə ödəniş vermək adətini ölkələrinə gətiriblər. Sonralar, xüsusilə Vətəndaş müharibəsindən sonra restoran, otel və dəmir yolu şirkətləri işçilərə aşağı maaş ödəməklə onların gəlirlərini müştərilərin verdiyi “çaypulu” hesabına formalaşdırmağa başlayıblar. Bu sistem zamanla xidmət sektorunun ayrılmaz hissəsinə çevrilib. ABŞ-də restoranlarda adətən hesabın 15-20, bəzi hallarda isə 20%-dən çoxu miqdarında “çaypulu” vermək yaxşı xidmətin göstəricisi sayılır. Lakin bu ənənə ABŞ-yə gələn xarici turistlər üçün tez-tez çətinlik yaradır. Yaponiya, Avstraliya və bir sıra Avropa ölkələrində xidmət haqqı ya hesabın daxilində olur, ya da ümumiyyətlə “çaypulu” gözlənilmir. Əksər hallarda isə turistlər nə qədər “çaypulu” verməli olduqlarını bilmədikləri üçün narahatlıq yaşayırlar. Onu da bildirək ki, ABŞ-dəki kimi olmasa da dünyanın əksər ölkələrində, o cümlədən də Azərbaycanda “çaypulu” ənənəsi mövcuddur. Azərbaycanda işlənən “çaypulu” ifadəsinin geniş yayılmasına rus dilindəki “çayeviye” (“чаевые”) anlayışının böyük təsiri olub. Lakin, bu ifadənin özü rus dilində XIX əsrdə formalaşıb və sonradan Rusiya imperiyasının tərkibində olan ərazilərə, o cümlədən Azərbaycana yayılıb. XIX əsrdə restoranlarda, meyxanalarda, poçt stansiyalarında və mehmanxanalarda xidmət göstərən işçilərə müştərilər əlavə pul verirdilər ki, işdən sonra “bir stəkan çay içsinlər”. Bu ənənə XIX əsrin ikinci yarısında Rusiya imperiyasının bütün böyük şəhərlərində, o cümlədən Bakı, Tbilisi və Odessada geniş yayılıb. 1920-ci ildə Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra “çaypulu” rəsmi olaraq qadağan edilib. Sovet rəhbərliyi hesab edirdi ki, sosialist cəmiyyətində hər kəs əməyinə görə dövlət tərəfindən maaş almalıdır və əlavə pul almaq kapitalist ənənəsidir. Hətta restoranlarda, bərbərxanalarda və digər xidmət müəssisələrində “Çaypulu almırıq” (“Чаевых не берем”) məzmunlu plakatlar asılırdı.
 Rusiyada bolşeviklər tərəfindən “Çaypulu”na qarşı “mübarizə” hətta sovet hakimiyyətindən əvvəl başlayıb. 1917-ci ildə Petroqrad şəhərində ofisiantların etiraz aksiyası keçirilib. Aksiyada ofisiantlara dəstək üçün 10 mindən çox insan iştirak edib. Etiraz aksiyasında səsləndirilən əsas şüarlar isə belə olub: “Ofisiantlara insan kimi hörmət edəcəyik”, “Çaypullar rədd olsun, ofisiantlar vətəndaşlardır”, “Yaşasın Rusiya Sosial-Demokrat Fəhlə Partiyası” və s.
 Amma, rəsmi qadağaya baxmayaraq digər ölkələrdə olduğu kimi SSRİ-də də restoran ofisiantları, taksi sürücüləri, bərbərlər, otel işçiləri və yükdaşıyanlar qeyri-rəsmi şəkildə “çaypulu” almaqda davam ediblər.
Geri qayıt
|