Əsas Səhifə > Güney Press > Restorana sərxoş vəziyyətdə daxil olmaq istəyən şəxs mühafizəçini bıçaqladı

Restorana sərxoş vəziyyətdə daxil olmaq istəyən şəxs mühafizəçini bıçaqladı


Bu gün, 10:47

Bakı Apellyasiya Məhkəməsində xuliqanlıqda təqsirləndirilən Habil Əhmədovun (adı, soyadı şərtidir) barəsindəki hökmdən dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protesti üzrə məhkəmə prosesi başa çatıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Murad Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.


Qərara əsasən, apellyasiya protesti təmin edilib, Səbail Rayon Məhkəməsinin hökmü dəyişdirilərək təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq) maddəsi ilə təyin edilmiş cəzanı əvvəlki hökm üzrə təyin olunmuş cəza ilə Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə uyğun olaraq birləşdirib.


Belə ki, Səbail Rayon Məhkəməsinin 2025-ci il tarixli hökmü ilə təyin olunmuş 1 il 9 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası qanunvericiliyin tələblərinə uyğun olaraq hesablanaraq 10 ay 15 gün azadlıqdan məhrumetmə cəzasına bərabər tutulub və daha ağır cəza ilə əhatə edilib. Bununla yanaşı, əvvəlki hökm üzrə çəkilmiş 2 ay 8 gün azadlığın məhdudlaşdırılması cəzası da qanunvericiliyin tələblərinə uyğun hesablanaraq 1 ay 4 gün azadlıqdan məhrumetmə cəzasına bərabər tutulub və yekun cəzadan çıxılıb.


Həmçinin Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hazırkı cinayət işi və əvvəlki hökm üzrə şübhəli şəxs qismində saxlanıldığı ümumilikdə 4 gün də təyin olunmuş cəzadan çıxılıb. Nəticədə məhkəmənin qərarı ilə Habil Əhmədovun üzərində qəti olaraq 1 il 10 ay 22 gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılıb.


İttihama görə, Habil Əhmədov 2025-ci ildə gecə saat 01:25 radələrində alkoqol sərxoşluğu vəziyyətində Bakı şəhərində yerləşən "Flay Bar" restoranının qarşısına gəlib. O, restorana daxil olmaq istəsə də, həmin vaxt müəssisədə mühafizəçi işləyən zərərçəkmiş Zamiq Əjdərov (adı, soyadı şərtidir) Habilin sərxoş vəziyyətdə olduğunu və restoranın daxili qaydalarına əsasən bu halda içəri buraxılmasının mümkün olmadığını, müəssisəyə ailə ilə gəlməsinin tələb edildiyini bildirib.


İstintaq və məhkəmə araşdırması ilə müəyyən olunub ki, təqsirləndirilən şəxs bu iradı qəbul etməyərək əsassız mübahisə yaradıb. O, öz davranışı ilə ictimai qaydanı kobud şəkildə pozaraq restoranın normal fəaliyyətinə mane olub, digər müştərilərin narahatlığına səbəb olub və cəmiyyətə açıq hörmətsizlik nümayiş etdirib.

İş materiallarına əsasən, yaranmış mübahisə zamanı Habil Əhmədov üzərində gəzdirdiyi mətbəx bıçağını silah qismində istifadə edib. İctimai qaydanın qorunması üzrə vəzifəsini yerinə yetirən mühafizəçi ona müqavimət göstərməyə çalışarkən təqsirləndirilən şəxs bıçaqla onun döş qəfəsinin sol nahiyəsinə bir zərbə endirib.


Məhkəmə-tibbi ekspertizasının rəyinə görə, zərərçəkmiş şəxsə döş qəfəsinin sol yarısında daxilə nüfuz etməyən deşilmiş-kəsilmiş yara xəsarəti yetirilib. Həmin xəsarət sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərər kimi qiymətləndirilib.


Toplanmış sübutlarla müəyyən edilib ki, Habil Əhmədovun hərəkətləri ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıq hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olunması və silah qismində istifadə edilən əşyanın tətbiqi ilə müşayiət olunan qərəzli hərəkətlərdən ibarət olmaqla xuliqanlıq cinayətini təşkil edib.


Səbail Rayon Məhkəməsinin hökmü ilə Habil Əhmədov təqsirli bilinərək 1 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdi. Hökmdən dövlət ittihamçısı apellyasiya protesti verərək cinayət qanununun düzgün tətbiq edilmədiyini, təyin olunmuş cəzanın dəyişdirilməsinin zəruri olduğunu bildirib və hökmün bu hissədə dəyişdirilməsini xahiş edib.


Geri qayıt