Əsas Səhifə > Güney Press > SOCAR hədəfdə, diplomatik missiyalar zərər gördü:

SOCAR hədəfdə, diplomatik missiyalar zərər gördü:


Bu gün, 17:53

İyulun 5-də Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Mixail Yevdokimov Xarici İşlər Nazirliyinə çağırılıb.

XİN-dən bildirilib ki, Rusiya tərəfinə 5 iyul tarixində axşam saatlarında Ukraynanın Mikolayiv vilayətində yerləşən SOCAR yanacaqdoldurma məntəqəsinin dron hücumuna məruz qalması ilə əlaqədar kəskin etiraz bildirilib və müvafiq nota təqdim edilib.

“Görüşdə, sözügedən dron hücumunun ilk hal olmadığı, bundan əvvəl də qazpaylayıcı kompressor stansiyası və Odessada neft bazasına hücumlar daxil olmaqla, Ukraynada SOCAR-a məxsus obyektlərin hərbi zərbələrə və hərbi əməliyyatların digər dağıdıcı təsirlərinə məruz qaldığı, nəticədə əhəmiyyətli maddi ziyan dəydiyi, şirkətin əməkdaşları arasında yaralananlar olduğu xatırlanıb.

Dəfələrlə xəbərdarlığa baxmayaraq, belə halların davam etməsinin hücumların məqsədyönlü şəkildə həyata keçirildiyinə dəlalət etdiyi bildirilib.

Görüşdə həmçinin Kiyevdəki Səfirliyimizin və Xarkov şəhərində yerləşən Fəxri Konsulluğun binalarının zərər gördüyü bir neçə hava zərbələrinə diqqət yönəldilib, Vyana Konvensiyalarına uyğun olaraq diplomatik və konsulluq nümayəndəliklərinin binalarının qorunması üzrə öhdəliklərə ciddi riayət edilməsinin vacibliyi vurğulanıb.

Rusiya tərəfi qeyd olunan bütün faktlar üzrə hərtərəfli araşdırma aparmağa, baş vermiş hallarla bağlı müvafiq izahat verməyə, habelə mülki obyektlərin və diplomatik nümayəndəliklərin qorunması üzrə beynəlxalq öhdəliklərə riayət etməyə çağırılıb”, deyə bəyanatda bildirilib.

Politoloq Elmira Talıbzadə Musavat.com-a şərhində xatırladıb ki, daha əvvəl Ukraynada “Socar”a məxsus Odessa neft bazası, qazpaylayıcı kompressor stansiyası zərbələrə məruz qalıb:

“İndi isə Nikolayev vilayətində yerləşən Socar yanacaqdoldurma məntəqəsinə hücum edilib. Bundan əlavə, əvvəlki dövrlərdə Azərbaycanın Kiyevdəki səfirliyinin və Xarkovdakı fəxri konsulluğunun binaları da hava zərbələri nəticəsində zərər görüb.

Belə hadisələr təkrarlandıqda Azərbaycanın bunun sistemli problem olduğunu gündəmə gətirməsi tamamilə başadüşüləndir. XİN-in bəyanatında da dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq, bu cür halların davam etməsinin onların məqsədyönlü xarakter daşıdığı qənaətini gücləndirdiyinin vurğulanlanması təsadüfi deyil. Bu məsələ Azərbaycan üçün, təkcə Socarın kommersiya maraqları ilə bağlı deyil, çünkü Socar ölkənin strateji dövlət şirkətidir və Azərbaycanın enerji siyasətinin əsas sütunlarından biridir. Digər tərəfdən isə söhbət beynəlxalq hüquqla, xüsusilə də Vyana Konvensiyaları ilə qorunan diplomatik nümayəndəliklərin təhlükəsizliyindən gedir. Bu baxımdan Azərbaycanın Rusiyadan hadisələrin hər biri üzrə rəsmi izahat və gələcəkdə belə halların təkrarlanmayacağına dair konkret təminatlar tələb etməsi tamamilə əsaslıdır.
Mənim fikrimcə, bu hadisə onsuz da mürəkkəb mərhələdən keçən Azərbaycan–Rusiya münasibətlərinə növbəti ciddi zərbədir. Xatırladaq ki, AZAL-a məxsus sərnişin təyyarəsinin faciəsindən sonra iki ölkə arasında etimad böhranı yaranıb. İndi isə Azərbaycanın dövlət şirkətinin infrastruktur obyektlərinin və diplomatik nümayəndəliklərinin ardıcıl şəkildə zərər görməsi həmin etimadın bərpasını daha da çətinləşdirir”.

Politoloq qeyd edib ki, Azərbaycan bu gün də münasibətlərdə praqmatik xəttini qoruyur və eskalasiyada maraqlı olmadığını nümayiş etdirir:

“Lakin bildiyimiz “praqmatizm” o demək deyil ki, Azərbaycan öz dövlət maraqlarına, strateji enerji infrastrukturuna və diplomatik nümayəndəliklərinə qarşı baş verən hadisələrə səssiz qalacaq və sərt reaksiya verməyəcək.

Əgər Rusiya tərəfi bu insidentlərlə bağlı inandırıcı izahat verməsə, obyektiv araşdırma aparmasa və beynəlxalq öhdəliklərinin yerinə yetirilməsini təmin etməsə, əvvəlki etimad mühitinin bərpası çox çətin olacaq. Dialoqumuz isə daha ehtiyatlı, daha prinsipial sərt və qarşılıqlı etimadın əhəmiyyətli dərəcədə azaldığı yeni siyasi reallıq şəraitində qurulacaq, ən çox və hərtərəfli zərbə isə Rusiyanın üzərinə düşəcək”.


Geri qayıt