Əsas Səhifə > Güney Press > Sertifikatlaşdırma imtahanı ilə bağlı qalmaqal BÖYÜYÜR:

Sertifikatlaşdırma imtahanı ilə bağlı qalmaqal BÖYÜYÜR:


Bu gün, 16:43

Musiqi fənni üzrə sertifikatlaşdırma imtahanında iştirak edən bir qrup müəllim test tapşırıqlarından biri ilə bağlı narazılıq edib.

Oxu.Az-a müraciət edən müəllimlərin sözlərinə görə, 18 iyun 2026-cı il tarixində keçirilən sertifikatlaşdırma imtahanının 11-ci sualında iki doğru cavab variantı mövcuddur.

Mübahisəyə səbəb olan sual belədir:

"Eyni ad, müxtəlif məna" adlı yarışmada şagird hansı variantı seçsə doğru olar?

A) Fanfar

B) Bariton

C) Akapella

D) Diskant

E) Oratoriya

Müəllimlər bildirirlər ki, doğru cavab kimi qəbul edilən "Fanfar" variantı ilə yanaşı, "Bariton" da sualın şərtlərinə tam uyğundur.

Onların sözlərinə görə, "bariton" termini həm orta kişi səsi, həm də nəfəsli musiqi aləti mənasında işlədilir. Bu baxımdan, həmin söz də "eyni ad, müxtəlif məna" prinsipinə uyğun gəldiyi üçün doğru cavab hesab edilməlidir.

Müəllimlər qeyd edirlər ki, orta məktəb dərsliklərinə əsasən, düzgün cavab kimi "Fanfar" qəbul edilsə də, "Bariton" variantının da sualın məzmununa uyğun olması səbəbindən 11-ci sualın ləğv edilməsini və ya hər iki cavabın doğru hesab olunmasını istəyirlər.

Qeyd edək ki, son günlər müxtəlif fənlər üzrə sertifikatlaşdırma imtahanlarında istifadə olunan bəzi test tapşırıqları ilə bağlı müəllimlər tərəfindən oxşar narazılıqlar səsləndirilir.


Geri qayıt