|

“Rusiya SOCAR yanacaqdoldurma məntəqələrini əyalətin yaşayışını iflic duruma salmaq üçün vurub”
Politoloq Ukraynada Azərbaycana məxsus SOCAR yanacaqdoldurma məntəqələrinin Rusiya tərəfindən vurulmasını şərh edib. Politoloq hesab edir ki, bu hücumların arxasında Azərbaycana ünvanlanmış mesaj axtarmağa ehtiyac yoxdur:
“İlk dəfə deyil ki, Ukraynada Azərbaycana məxsus enerji obyektləri hədəfə alınır. Bu hücumları təsadüf saymaq olmaz. Doğrudur, əvvəllər daha böyük miqyaslı hücumlar edilirdi, amma bu dəfə yanacaqdoldurma məntəqəsinə hücum oldu. Düşünmürəm ki, onlar bu addımla Azərbaycana hər hansı mesaj ötürüblər. Əksinə, tərəflər son vaxtlar qarşılıqlı şəkildə bir-birinin enerji obyektlərini sıradan çıxarmağa çalışır, bir-birini hərəkətsizliyə sövq edirlər. Əgər belə obyektlər hədəfə alınaraq sıradan çıxarılırsa, itkilər də böyük olacaq. Bu zərbələr infrastrukturu məhv edir, insanlar çətinliklə üzləşirlər və müharibənin gedişatı dəyişir.
Biz görürük ki, qarşıdurma son dərəcə sərt hal alıb. Bu prosesdə belə obyektlər bilərəkdən dağıdılır. Düşünmürəm ki, Rusiya Azərbaycanın Ukraynaya göndərdiyi humanitar yardıma bu formada cavab verir. Əksinə, yerlərdə və həmin məntəqədə yanacaqdoldurma stansiyasının yerini düzgün müəyyən etməkdən ötrü infrastruktur sisteminin vəziyyətinə nəzər salmaq lazımdır. Görünür, bu stansiyalar əyalətlərin birində vurulub. Bu stansiyanın həddən artıq vacib rolu olub. Çox güman ki, hərbi və mülki nəqliyyat vasitələri bu məntəqədən yararlanırmış. Ona görə də bu stansiya düşünülmüş formada sıradan çıxarılıb”.
Politoloq hesab edir ki, hər iki tərəf qarşılıqlı formada qarşı tərəfin yanacaq ehtiyatını sıradan çıxarmaqla müharibəni fərqli məcraya daşıyır:
“Tərəflərin bir-birinin enerji obyektlərini sıradan çıxarması növbəti mərhələnin göstəricisidir. Öncə böyük obyektlər hücuma məruz qalırdı, indi isə kiçik yanacaqdoldurma məntəqəsinin vurulması ilə Rusiya çalışır ki, Ukraynanı iflic vəziyyətə gətirsin. Nəzərə alaq ki, belə obyektlər insanların həyat fəaliyyətində ciddi rol oynayır. Hər bir halda, bu obyekt hər nə qədər vacib strateji əhəmiyyətli olsa da, Rusiyanın Azərbaycana hər hansı mesaj göndərmək niyyətində olduğunu düşünmürəm. Rusiyanın Azərbaycana mesajı varsa, onu xüsusi kanallar vasitəsilə çatdırmalıdır. Bu hadisə isə sadəcə infrastrukturun sıradan çıxarılmasıdır”.
Geri qayıt
|