Əsas Səhifə > Güney Press > UEFA-dan FİFA-ya sərt etiraz

UEFA-dan FİFA-ya sərt etiraz


Bu gün, 16:15

UEFA ABŞ millisinin hücumçusu Folarin Baloqunun cəzasının ləğvi ilə bağlı FİFA-nın qərarını sərt tənqid edib.

Modern.az xəbər verir ki, UEFA FIFA-nın intizam qərarı ilə bağlı bəyanat yayıb.

Bəyanatda dünya çempionatında qırmızı vərəqə alan ABŞ millisinin futbolçusu Folarin Baloqunun bir oyunluq cəzasının bir il sınaq müddəti ilə əvəzlənməsi qərarına etiraz edilib.

Bildirilib ki, futbolun əsasını ədalətli, dürüst və şəffaf rəqabəti təmin edən qaydalar təşkil edir. Qeyd olunub ki, qırmızı vərəqə alan oyunçunun minimum bir oyunluq cəzası avtomatik tətbiq olunmalı, bununla bağlı istisnaya yol verilməməlidir.

Qurum vurğulayıb ki, belə bir qərarın turnirin gedişində qəbul edilməsi eyni vəziyyətlə üzləşərək cəzalarını çəkmiş digər futbolçulara qarşı ədalətsizlikdir. Bəyanata əsasən, bu addım yarışın bütövlüyünə və etibarlılığına xələl gətirir.

UEFA, həmçinin qeyd edib ki, xüsusilə dünya çempionatı kimi nüfuzlu turnirlərdə qəbul olunan qərarlar bütövlükdə futbolun gələcəyinə müsbət və ya mənfi təsir göstərə bilər.

Sonda UEFA FIFA-nın qərarını "görünməmiş, anlaşılmaz və əsaslandırılması mümkün olmayan addım" kimi qiymətləndirərək, buna görə ciddi narahatlığını ifadə edib.

Qeyd edək ki, Folarin Baloqun DÇ-2026-nın 1/16 finalında Bosniya və Herseqovina ilə oyunda (2:0) qırmızı vərəqə almışdı. Lakin FİFA-nın İntizam Komitəsi futbolçunun avtomatik bir oyunluq cəzasını dayandıraraq onu 1 illik sınaq müddəti ilə əvəz edib. Nəticədə ABŞ millisinin hücumçusu Belçikaya qarşı 1/8 final görüşündə meydana çıxa biləcək.


Geri qayıt